
Fevral ayının 14-dən mart ayının 5-nə kimi AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda “Xocalı soyqırımı” adlı sərgi keçirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Sərgidə Xocalı soyqırımının epizodlarını özündə əks etdirən fotoşəkillər, 120-yə yaxın kitab və jurnallar nümayiş etdirilir. Qeyd edək ki, bu kitabların arasında ingilis, fransız, rus, fars və türk dillərində nəşr olnmuş kitab və jurnallar da öz əksini tapıb.
Təqdim olunan nəşrlərin arasında AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun hazırladığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyası, Səriyyə Müslümqızının “Qar üstünə qan yağırdı”, “Ümid olmasa ölərəm ” (ingilis dilində), “Ölümdən o yandakı Xocalı”, İsmət Qayıbov və Azad Şərifovun “Армянский tерроризм”, Nəsiman Yaqubovun “Xocalı qırğını”, Fazil Güneyin “Qara qan”, Tatyana Çaladzenin “Сострадание”, Ziyəddin Sultanovun “Xocalı faciəsi”, Həvva Məmmədovanın “Шeхиды и шaхиды (Армянский терроризм как составная часть международного терроризма)”, Sabir Əsədov və İsrafil Məmmədovun “Терроризм (причина и следствия)”, Sabir Hüseynovun “Xocalıdan gələn səs” və İstanbul Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş “Katliam” və s. kitablar, eləcə də «Голос Карабаха» qəzeti var.
Sərgidə Azərbaycanın Milli Qəhramanı, mərhum jurnalist Cingiz Mustafayevin öz kamerası ilə çəkdiyi lentlərdən götürülmüş fotoşəkillər də nümayiş etdirilir.