"HEYDƏR ƏLİYEV İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİ
MÖVZUSUNDA SƏRGI-KONFRANS"4.05.2007 [10:20]

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ili münasibətilə “Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda təşkil olunan sərgi-konfrans mayın 4-də Təhsil Nazirliyində davam etdirildi. Tədbirdə nazirliyin və AMEA-nın əməkdaşları ilə bərabər, bir çox ali və orta təhsil müəssisələrinin müəllim heyəti də iştirak edirdi. Sərgi-konfransı giriş sözü ilə nazirliyin rəsmisi açdı. O bildirdi ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda təhsil sistemi yüksək səviyyəyə qaldırılıb, minlərlə gəncin xarici universitetlərdə təhsil almasına şərait yaradılıb, təhsildə fərqlənənlər Prezident təqaüdü alıb. Natiq onu da bildirdi ki, ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da həmin ənənələrin qorunub saxlanması üçün böyük işlər görürlər. Regionlarda tikilən məktəblər buna bariz nümunədir. Təşkil olunan sərginin əhəmiyyətindən danışan natiq, belə bir təşəbbüslə çıxış etdiyinə görə AMEA-nın rəhbərliyinə və Mərkəzi Elmi Kitabxananın kollektivinə təşəkkür etdi və bildirdi ki, ulu öndərin irsinin tədqiqi və təbliği istiqamətində atılan hər bir addım Azərbaycanda sağlam düşüncəli gənc nəslin formalaşmasına xidmət edir.
Öz növbəsində kitabxananın direktoru bildirdi ki, ulu öndərin siyasi irsinin təbliği məqsədi ilə qarşıya respublikanın bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi insanın gördüyü əzəmətli işlərin mahiyətini onlara açıqlamaq kimi vəzifələr qoyulmuşdur. Artıq Ekologiya və Təbii Sərvətlər nazirliyində analoji tədbirin keçirildiyini vurğulayan natiq daha sonra qeyd etdi ki, 2003-cü ildə mərkəzi elmi kitabxananın özündə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası” yaradılmışdır. Hazırda bu fondda ən müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı yazdıqları 2500-dən çox əsəri toplanmışdır.
Xatırladaq ki, sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması üçün apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətini əks etdirən 500-dən artıq ədəbiyyat nümayiş olunmuşdur. Sərgi-konfrans il boyunca hespublikanın müxtəlif regionlarında, dövlət müssislərində, elm və təhsil ocaqlarında davam etdiriləcəkdir.