Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ XANIM ƏNN DÖRSİ KİTABXANAMIZDA OLMUŞDUR
22.11.2006 [14:20]
Bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri xanım Ənn Dörsi Mərkəzi Elmi Kitabxananın qonağı olmuşdur. Səfirin kitabxanaya gəlişi ABŞ-ın görkəmli siyasi xadimi Bencamin Franklinin 300 illik yubileyinə həsr olunmuş kitab sərgisində iştirak etmək olmuşdur. Xatırladaq ki, sərgi 1 həftə bundan öncə açılmışdır və ayın sonunadək davam edəcək. Sərgidə həmçinin AMEA-nın prezidenti Mahmud Kərimov, digər rəsmi şəxslər, kitabxananın oxucuları və əməkdaşları, eləcədə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə giriş nitqi ilə çıxış edən Mərkəzi Elmi Kitabxananı direktoru, Aybəniz Əliyeva-Kəngərli Azərbaycan-ABŞ arasındakı elmi-mədəni əlaqələrdən danışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqlarımız arasında günbəgün möhkəmlənən strateji, iqtisadi, elmi əlaqələrdən danışan natiq xanım Ənn Dörsiyə və Mahmud Kərimova sərgidə iştirak etdikləri üçün minnətdarlığını bildirdi. Zəngin ədəbiyyat fonduna malik olan kitabxanada minlərlə xarici ədəbiyyatın olduğunu xüsust vurğulayan direktor, beynəlxalq kitab mübadiləsi sahəsində ABŞ-ın kitabxana üçün çox önəmli partnyor olduğunu bildirdi. Daha sonra çıxış edən Mahmud Kərimov sərginin yüksək səviyyədə təşkil olunduğunu və iki dost xalq arasında əməkdaşlığın genişlənməsinə müsbət təsir edəcəyinə inandığını bildirdi. Bencamin Franklinin siyasətçi, dövlət xadimi olmaqla bərabər həm də yaxşı alim, fizik olduğundan bəhs edən M.Kərimov fizika sahəsində bir çox ixtiraların məhz Franklinə məxsus olduğunu dedi. Sonra çıxış edən səfir Ənn Dörsi Bencamin Franklinin 300 illik yubileyinin Azərbaycanın ən böyük kitabxanalarından birində-Mərkəzi Elmi kitabxanada keçirilməsindən məmnunluq duyduğunu söylədi. Azərbaycanla ABŞ arasında inkişaf etməkdə olan əməkdaşlığın sürətlənməsində bu qəbildən olan tədbirlərin vacibliyindən danışdı. «Kitabxananızın təşkil etdiyi bu sərgi hər bir ABŞ vətəndaşına örnək ola bilər» deyən səfir sonda sərginin təşkil olunmasında iştirak edənlərə, şəxsən Mahmud Kərimova və Aybəniz Əliyeva-Kəngərliyə təşəkkürünü bildirdi. Sonda səfirə Mərkəzi Elmi Kitabxananın ən qiymətli kitabları hədiyyə edildi.