"HEYDƏR ƏLİYEV İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİ
MÖVZUSUNDA SƏRGI-KONFRANS"3.05.2007 [12:20]

Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ili münasibətilə “Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda sərgi-konfrans keçirildi. Sərgi-konfransı giriş sözü ilə kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli açdı. O, Mərkəzi Elmi Kitabxananın tədbirlər planından danışaraq bildirdi ki, ulu öndərin siyasi irsinin təbliği məqsədi ilə qarşıya respublikanın bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi insanın gördüyü əzəmətli işlərin mahiyətini onlara açıqlamaq kimi vəzifələr qoyulmuşdur. Natiq daha sonra qeyd etdi ki, 2003-cü ildə mərkəzi elmi kitabxananın özündə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası” yaradılmışdır. Hazırda bu fondda ən müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı yazdıqları 2500-dən çox əsəri toplanmışdır. Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirdi ki, bu təşəbbüsün böyük siyasi və mənəvi əhəmiyyəti var. Heydər Əliyev nadir şəxsiyyət, XX əsrin yetişdirdiyi ən nüfuzlu dövlət adamı və unikal bir siyasətçidir. Tarix belə şəxsiyyətləri hər zaman yetişdirmir. Heydər Əliyev irsini öyrənmək dövlətçiliyi öyrənməkdir.
Xatırladaq ki, sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması üçün apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətini əks etdirən 500-dən artıq ədəbiyyat nümayiş olunmuşdur. Sərgi-konfrans il boyunca hespublikanın müxtəlif regionlarında, dövlət müssislərində, elm və təhsil ocaqlarında davam etdiriləcəkdir.