Türkiyə alimləri boy uzatmanın sirlərini tapdılar

İzmirdəki “Doqquz Sentyabr” Universitetinin alimləri insan boyunun uzadılması sahəsində başa çatdırdıqları 2 layihəni Avropa Patent Agentliyinə təqdim etmişlər.
Layihələrə əsasən, boy ayaq sümüklərinə bərkidilən və komanda pultu ilə uzaqdan idarə olunan xüsusi aparatlar vasitəsilə hər gün 1 millimetr uzadılır. Müalicə müddətinin 3 ay yarım və boy artımının 10 santimetr olacağı bildirilir.
Universitetin professoru Həsən Havıtçıoğlu jurnalistlərə demişdir ki, boyuzatma seansları heç də estetik xarakterli deyildir və əsasən, insan bədəninin funksional tarazlığının təmin olunmasına yönəldilmişdir. Daha çox bir ayağı digərindən qısa, bədəni ilə ayaqları arasında uyğunsuzluq olanlar üçün nəzərdə tutulan müalicə kurslarına boyu çox kiçik olanlar da cəlb olunacaqlar. Lakin bu seanslar 175 santimetr boylu maneken olmaq istəyənlər üçün məsləhət görülmür.