Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
AZƏRBAYCANLA ALMANİYA ARASINDA ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR GENİŞLƏNİR
25.10.2006 [14:30]
Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mərkəzi elmi kitabxanasının sərgi salonunda Almaniya ilə Azərbaycanın “İnsanlar və kitablar” birgə layihəsi çərçivəsində “Azərbaycan-Almaniya elmi-mədəni əlaqələrinin inkişafına doğru” mövzusunda görüş keçirilmişdir. Görüşdə AMEA-nın prezidenti akademik Mahmud Kərimov, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, akademiyanın və mərkəzi kitabxananın, səfirliyin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Mahmud Kərimov bildirdi ki, Almaniya hökuməti AMEA-nın mərkəzi elmi kitabxanasına 5 min avro dəyərində elmi kitab hədiyyə etmişdir. Doğrudur, kitabxanamızda hazırda 3 milyon kitab saxlanılır. Bununla belə hədiyyə olunan bu kitablar bizim üçün çox qiymətlidir və alimlərimiz tərəfindən səmərəli surətdə istifadə olunacaqdır. Eyni zamanda, işğal olunmuş ərazilərimizdə erməni qəsbkarları tərəfindən yüzlərlə kitabxananın dağıldıldığı, minlərlə kitabın yandırıldığı bir vaxtda Almaniya tərəfindən həyata keçirilən bu xeyriyyəçilik tədbiri əvəzsizdir.
M.Kərimov AMEA-nın əməkdaşları və Azərbaycanın elmı ictimaiyyəti adından Almaniyanın ölkəmizdəki səfirliyi vasitəsilə Almaniya hökumətinə dərin təşəkkürünü bildirdi.
AMEA mərkəzi elmi kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli, kitabxananın əməkdaşı Sevinc Əliyeva, AMEA elmi-tədqiqat linqvistika institutu german-roman dilləri şöbəsi elm və tədris bölməsinin dosenti, filologiya elmləri namizədi Səadət Zeynalova çıxış edərək mərkəzi elmi kitabxananın 80 illik fəaliyyətindən, onun elmimizin inkişafında və milli elmi kadrlarımızın yetişdirilməsindəki rolundan, Azərbaycan və Almaniya arasında elmi-ədəbi əlaqələrin tarixindən, onun bugünkü vəziyyətindən, hədiyyə edilən kitabların elmi əhəmiyyətindən danışdılar.
Səfir Per Kristofer Stançina çıxışında bu gün 5 min avro dəyərində olan elmi ədəbiyyatın AMEA-nın mərkəzi elmi kitabxanasına təqdim etmək şərəfinə nail olduğu üçün özünü xoşbəxt sandığını və ümid etdiyini bildirdi ki, bu kitablar Azərbaycan elminə öz töhfəsini verəcək və ölkələrimiz arasında mədəniyyət və elm sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir. Səfir 2008-ci ilədək kitabxanaya hər birinin dəyəri 5 min avro olan daha iki belə kitab dəsti hədiyyə olunacağını və beləliklə də bu elm ocağının üç il ərzində 15 min avro dəyərində alman ədəbiyyatı əldə edəcəyini bildirdi.
Tədbirin sonunda səfir kitabxananın “İnsanlar və kitablar” birgə layihəsi üzrə qalib olduğunu bildirən diplomu və alman ədəbiyyatının ilk dəstini kitabxanaya təqdim etdi.