11.03.2006 [08:20] YAŞAR QARAYEVİN 70 İLLİYİ QEYD OLUNUB

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin binasında görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaşar Qarayevin anadan olmasının 70 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir. Əvvəlcə, iştirakçılar alimin elmi yaradıcılığına dair təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Məlumat üçün bildirək ki, sərgi f.e.n. Aybəniz Əliyeva-Kəngərlinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan MEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev Azərbaycanda çağdaş ədəbi elmi prosesin mühüm perspektiv meyillərinin müəyyənləşməsində, miqyaslı nəzəri problemlərin irəli sürülüb, həll edilməsində Yaşar Qarayevin 40 illik yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, tənqidçi, nəzəriyyəçi, ədəbiyyat tarixçisi olan alim milli, ənənəvi Azərbaycan ziyalılığının fədakar xadiminə məxsus çoxcəhətli, zəngin yaradıcılıq yolu keçmışdir. Onun klassik və müasir Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi sahəsində 22 kitabı, 300-dən artıq elmi məqaləsi çap olunmuşdur. Ədəbi-elmi prosesdə yeni, aparıcı bədii metod nəzəriyyəsi, Renessans və Maarifçilik problemi, ədəbiyyat tarixçiliyində və ədəbi tənqiddə analitik nəzəri üslub bilavasitə onun bu tədqiqatlarının iştirakı ilə formalaşmışdır. Xüsusən Yaxın Şərqdə realizmin genezisi, psixologiyası barədə Y.Qarayevin nəzəri müddəaları ümumtürk ədəbi-elmi fikir miqyasında həmin problemin həllində əhəmiyyətli rol oynamışdır. Onun bir sıra əsərləri Rusiya, İran, Türkiyə, ABŞ, İngiltərə, Fransa, Almaniya və s. ölkələrdə nəşr olunmuşdur. O, çoxcildli “Dünya ədəbiyyatı tarixi”nin, “Türk dünyası xalqları ədəbiyyatı tarixi”nin, “Azərbaycan ədəbiyyatı tarixi”nin ən fəal və məhsuldar müəlliflərindən biri idi. Alimin “Faciə və qəhrəman”, “Poeziya və nəsr”, “Azərbaycan realizminin mərhələləri”, “Ədəbi üfüqlər”, “Meyar şəxsiyyətdir” və digər kitabları yüksək peşəkarlığı, sosial-mədəni, milli-ideoloji dəyəri ilə seçilir. Yaşar Qarayevin bilavasitə rəhbərliyi ilə 30 elmlər namizədi, 5 elmlər doktoru yetişmişdir. Alimin 15 il rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu ilə Yaxın Şərq ölkələrinin, Avropanın və Rusiyanın elmi mərkəzləri arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılmışdır. O, beynəlxalq elmi məclislərdə ölkəmizi layiqincə təmsil etmişdir. Filologiya elmləri namizədi Şirindil Alışanlı “Görkəmli ədəbiyyatşünas və tənqidçi” adlı məruzəsində alimin elmi yaradıcılığından ətraflı söz açmış, onu dərin zəka, nadir elmi təfəkkür sahibi kimi səciyyələndirmişdir. Yazıçılar birliyinin sədri Anar, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Tofiq Hacıyev və başqaları görkəmli alimin ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin inkişafındakı xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər. Əməkdar rəssam Ənvər Qarayev qardaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

---------------------------------------------------

3.02.2006 [08:29] MACARISTAN MİLLİ ELMLƏR AKADEMİYASI AZƏRBAYCANA BÖYÜK MARAQ GÖSTƏRİR

Martın 2-də Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutu, Etnik və Milli Azlıqlar Tədqiqat İnstitutu elmi şuralarının Azərbaycana həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda Azərbaycan səfirliyinin nümayəndələri də iştirak etmişlər. Etnologiya İnstitutunun direktoru Mixay Xoppal təbrik nitqində demişdir ki, iclas onlara Azərbaycanı daha yaxından tanımaq imkanı verəcəkdir. İnstitutun qapıları əməkdaşlıq üçün açıqdır, macar və Azərbaycan alimlərinin birgə elmi fəaliyyəti xalqlarımızın tarixində naməlum səhifələri açmağa kömək edəcəkdir. Sonra çıxış edən Etnik və Milli Azlıqlar Tədqiqat İnstitutunun direktoru Laslo Sarko demişdir ki, biz Azərbaycanda yaşayan milli azlıqlar barədə geniş məlumat almaq istərdik. Respublikamızın Macarıstandakı səfiri Həsən Həsənov ölkəmizlə yaxından maraqlandıqları üçün forum iştirakçılarına dərin təşəkkürünü bildirərək, Azərbaycanın uzaq keçmişindən və ən yeni tarixindən söhbət açmış, dövlətimizin təşəkkül tapmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolunu vurğulamış, Prezident İlham Əliyevin hazırda ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı böyük nailiyyətlərdən danışmışdır. Səfir demişdir ki, Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biri dünyaya, o cümlədən Avropaya inteqrasiyadır və bu baxımdan Macarıstanla siyasi, iqtisadi və elmi sahələrdə münasibətlərin inkişafı və möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. Axırda Macarıstan Elmlər Akademiyası institutlarının kitabxanalarına Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və başqa kitablar bağışlanmış, Azərbaycan haqqında film nümayiş etdirilmişdir.

---------------------------------------------------

3.02.2006 [07:30] Teymur Vəliyevin 80 illiyinə həsr edilmiş mərasim

Azərbaycan Dövlət İqtisad Universitetində tanınmış iqtisadçı-alim, əməkdar elm xadimi, mərhum professor Teymur Vəliyevin 80 illiyinə həsr edilmiş mərasim keçirilmişdir. Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev T.Vəliyevin elmi fəaliyyətindən danışmış, xatirəsinin daim əziz tutulduğunu bildirmişdir. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə və başqaları 200-dək əsərin müəllifi olan alimin ölkəmizdə iqtisad elminin inkişafında və kadr hazırlığındakı xidmətlərindən bəhs etmişlər. Alimin oğlu Samir Vəliyev atasının xatirəsinə göstərdikləri ehtirama görə, tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

---------------------------------------------------

3.02.2006 [07:19] BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS

Martın 2-də Bakı Dövlət Universitetində Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, xalqımızın ümummilli lideri, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin dilimizin, milli mənəvi dəyərlərimizin qorunmasına daim böyük önəm verdiyini bildirmiş, ulu öndərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. Rektor dövlətimizin başçısının “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” 2005-ci il 9 noyabr tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır. Natiq bildirmişdir ki, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayda türk dillərinin əlifba və terminologiyası məsələləri mühüm yer tutmuş, latın əlifbasına keçilməsini təmin etmək əsas məqsəd olmuşdur. Sonra təhsil nazirinin müavini, professor İradə Hüseynovanın “Birinci Türkoloji Qurultay və onun Azərbaycan xalqının mədəni inkişafında rolu”, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin “Birinci Türkoloji Qurultayda dil məsələləri”, professor Pənah Xəlilovun “Birinci Türkoloji Qurultayda türk xalqlarının ədəbiyyatı məsələləri” mövzularında məruzələri dinlənilmişdir. Natiqlər türk xalqlarının tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dil və ədəbiyyatına dair məruzələrin dinlənildiyi, mühüm qərarların qəbul olunduğu həmin qurultaydan sonra ölkəmizdə latın qrafikasına keçid və dilimizlə bağlı imzalanmış digər sənədlərin tarixi əhəmiyyətindən bəhs etmişlər. Sonra konfrans bölmə iclaslarında işini davam etdirmişdir.

---------------------------------------------------

2.02.2006 [13:30] ƏDƏBİYYAT İNSTİTUTUNDA ÖTƏN İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirildi. Yığıncaq erməni faşistləri tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başladı. İnstitutun direktoru, akademik Bəkir Nəbiyev bildirdi ki, ənənəyə uyğun olaraq, builki yığıncaqda da ilin ədəbi yekunlarının nəticələri janrlar (poeziya, nəsr, dramaturgiya, tənqid, publisistika) üzrə məruzələrlə diqqətə çatdırılacaqdır. Bu il məruzələr sırasına, ilk dəfə olaraq, publisistikanı da daxil etməklə ədəbi prosesdən daha dolğun şəkildə söhbət getməsinə çalışmışıq. Belə tədbirlərin əhəmiyyətindən danışan B.Nəbiyev onu da qeyd etdi ki, yığıncaqda bədii nümunələr janrları üzrə mövzu, ideya, qəhrəman tipi, kompozisiya, dil və üslub baxımından qruplaşdırılaraq, təhlil olunacaq, qiymətləndiriləcəkdir. Ötən ili 2004-cü illə müqayisə edən B.Nəbiyev diqqətə çatdırdı ki, poeziya yenə də fəal olmuşdur. Nəsr sahəsində isə bir qədər səngimə hiss edilir. Dramaturgiyaya yeni müəlliflər gəlir və onlar ciddi axtarışlar aparırlar. Ümumilikdə isə, bədii fikirdə dəyişmə, yeniləşmə hiss olunur, Yığıncaqda filologiya elmləri doktoru Aydın Dadaşovun (dramaturgiya), filologiya elmləri namizədləri Qurban Bayramovun (poeziya), Nərgiz Cabbarovanın (nəsr), Rahid Xəlilovun (ədəbi tənqid), Elçin Mehrəliyevin (publisistika) məruzələri dinlənilib müzakirə olundu.

---------------------------------------------------

2.02.2006 [12:40] İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİ VƏ BU DİLİ ÖYRƏNMƏK İSTƏYƏNLƏR ÜÇÜN KITAB

Bakı Dövlət Universiteti ingilis dili kafedrasının müdiri, dosent Abbas Abbasovun rus dilində 2002 sözdən ibarət 436 səhifəlik “İngilis atalar sözləri və məsəlləri” və 40 min termindən ibarət 490 səhifəlik “İngiliscə-rusca hüquq lüğəti” çapdan çıxmışdır. Bundan əlavə, kafedranın müəllimlərinin A. Abbasovun rəhbərliyi ilə ali məktəblər üçün Azərbaycan dilində hazırladıqları “İngilis dili” dərsliyi və rus dilində 3 min söz və söz birləşməsinindən ibarət “Rusca-ingiliscə idman lüğəti” kitabları da “QAPP-Poliqraf” korporasiyasının mətbəəsində nəfis tərtibatla çap olunmuşdur. AMEA-nın Terminologiya Komissiyasının qərarı ilə işıq üzü görən bu kitablar Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilmişdir.

----------------------------------------------------