
Veblioqrafiya
Dünya kitabxanalarının saytlarını əks etdirən 10 cildlik bu kitabın I-ci cildinin ilk buraxılışı çapdan çıxmışdır "Dünya kitabxanalarının saytları" seriyasından çap olunacaq 10 cilddə nəzərdə tutulmuş bu kitabın ideya müəllifi və layihənin rəhbəri MEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva -Kəngərlidir. "Veblioqrafiya" adlanan bu toplu ölkəmizdə ilk dəfə nəşr olunur və yəqin ki, çoxlarınıza heç bu sözün mənası da aydın deyil. "Veblioqrafiya" - termini ilk dəfə 1990-cı ildə Amerika kitabxanaçıları tərəfindən "Nyu-York-Tayms" qəzetində işlədilmişdir. Avropa mətbuatında bu terminə bir qədər gec — 1990-cı illərin ortalarında rast gəlinir. Rusiyada isə bu sahədə iş 2000-ci ildə başlanmışdır. Mahiyyət etibarilə internet səhifələrinin göstəricisi sayılan veblioqrafiya, nəhayət ki, yaxın vaxtlardan Azərbaycanda da işlədilməyə başlanmışdır. Bu gün həmin mövzunun aktuallığını nəzərə alan MEA-nın Mərkəzi Elmi Kitabxanası “Veblioqrafiya” adlı bu nəşri hazırlayıb oxuculara təqdim etmişdir. Onu da qeyd edək ki, biblioqrafiya, filmoqrafiya, notoqrafiya, izoqrafiya kimi sahələrin müasir davamçısı olan veblioqrafiya nəinki bizim ölkədə, bir çox inkişaf etmiş dünya ölkələrində də yenidir. Qlobal internet şəbəkəsinin dünyanın ən ucqar guşələrini belə fəth etməsi ondan istifadənin geniş imkanlarının hüdudsuzluğunu bir daha isbatlayır. Çox məntiqi olaraq dünya informasiya massivlərinin qoruyucusu və təbliğatçısı sayılan kitabxanalar, informasiya mərkəzləri məhz bu şəbəkə ənginliyinin imkanları sayəsində internet səhifələri yaradır, bütün dünya ilə operativ əlaqələrin məhdudluğunu minimuma endirirlər. Dünyanın iri kitabxanalarında bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyasını nəzərə çarpdırmaq üçün bəzi məqamlara diqqət yetirək. ABŞ-ın Konqres Kitabxanası və Fransanın Milli Kitabxanası öz saytını yaratmış ilk kitabxanalardır. Dünyada ən bahalı kitabxana saytı qədim İsgəndəriyyə kitabxanasına məxsusdur. Bu saytın yaradılması üçün Misir hökuməti 45.000 ABŞ dolları xərcləmişdir. MEA-nın Mərkəzi Elmi Kitabxanası üç ilə yaxındır ki, internet şəbəkəsinin xidmətlərindən istifadə edir. Kitabxana öz saytı vasitəsilə Azərbaycanda ilk dəfə olaraq oxucuların virtual sorğularını qəbul edir və onlara müvafiq informasiyanı çatdırır. Yeni kitabda verilmiş internet saytları da kitabxananın bilavasitə internet vasitəsi ilə əlaqə saxladığı kitabxanalardır. Kitabın giriş məqaləsində deyilir. “Hazırda 190-dan çox ölkədə 72 milyon kompüter vasitəsilə internet adlı telekommunikasiya şəbəkəsindən 332,73 milyon insan istifadə edir. Bunlardan 277 milyon istifadəçi Amerikanın, 75,5 milyon Asiyanın, 91,82 milyon Avropanın, 1,9 milyon Yaxın Şərqin, 147,48 milyonu Şimali Amerikanın, 13,19 milyonu Cənubi Amerikanın payına düşür. İnternet şəbəkəsində 400 milyondan artıq sayt mövcuddur ki, bunların da 16 milyonunu kitabxanaların saytları təşkil edir. İlk kitabxana saytı 90-cı illərdə yaranmağa başlamışdır. Elə Azərbaycanda da ilk internet səhifələri 1996-1997-ci illərdə yaransa da, kitabxana saytlarının ilkin nümunələri bir neçə il əvvəl meydana gəlmişdir. Bu işin ilk təşəbbüsçüləri — AMEA-nın Mərkəzi Elmi Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana və Bakı Dövlət Universitetinin Elmi Kitabxanası ilk belə sayt yaradan müəssisələrdir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası prosesə kömək məqsədilə ”Dünya kitabxanalarının saytları" seriyasında "Veblioqrafiya” adlı bu məlumat nəşrini 10 cilddə nəzərdə tutmuşdur. Gələcəkdə "Dünyanın ədəbiyyat saytları”, "Dünyanın tarix saytları" və s. adda cildlərin nəşri də bu seriyadan həyata keçiriləcək. Birinci cildin 1-ci buraxılışının əsas əlaməti bundan ibarətdir ki, burada müxəlif ölkələrin ən iri kitabxanalarının saytları əks olunmuşdur. Məsələn, Azərbaycanın, Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının, Fransanın, İngiltərənin, İtaliyanın, Türkiyənin, Danimarkanın, Almaniyanın iri kitabxanalarının İnternet saytları burada əks etdirilib. 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən hərbi məqsədlərlə “ARPANET” adı altında yaradılmış müasir internet şəbəkəsi informasiyanın və xüsusən, elmi informasiyanın ən operativ və optimal sirkulyasiya vasitəsidir. Belə bir sistemdə öz səhifəsi ilə təmsil olunmuş kitabxanaların veblioqrafik göstəricisi Azərbaycanda ilk dəfə nəşr olunur. Bu kitabla tanışlıq sizə dünya kitabxanalarına asanlıqla "daxil olmaq" imkanı verəcək.