Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




Mətbuatda məqalələr

BİZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİNİ DAHA YAXŞI ÖYRƏNMƏLİYİK !

   Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasındla ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş “Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda elmi-nəzəri seminar keçirildi. Kitabxananın geniş oxu zalında ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması üçün apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətini əks etdirən 500-dən artıq ədəbiyyat nümayiş etdirilir. Seminarı giriş sözü ilə kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz xanım Əliyeva-Kəngərli açdı. O, Mərkəzi Elmi Kitabxananın qarşısına qoyduğu tədbirlər planından danışaraq bildirdi ki, ulu öndərin siyasi irsinin təbliği məqsədi ilə qarşıya respublikanın bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi insanın gördüyü əzəmətli işlərin mahiyətini onlara açıqlamaq kimi vəzifələr qoyulmuşdur. Natiq daha sonra qeyd etdi ki, 2003-cü ildə mərkəzi elmi kitabxananın özündə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev” kitab fondu yaradılmışdır. Hazırda bu fondda ən müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı yazdıqları 2000-dən çox əsəri toplanmışdır. O kitabların 6-nın müəllifi, Heydər Əliyevin yorulmaz tədqiqatçısı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovdur. Aybəniz xanım daha sonra qeyd etdi ki, bugünkü ilk seminara məhz millət vəkili H.Mirələmovu dəvət etmişik. Sonra söz filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadəyə verildi. Natiq bildirdi ki, bu təşəbbüsün böyük siyasi və mənəvi əhəmiyyəti var. Heydər Əliyev nadir şəxsiyyət, XX əsrin yetişdirdiyi ən nüfuzlu dövlət adamı və unikal bir siyasətçidir. Tarix belə şəxsiyyətləri hər zaman yetişdirmir. Onun haqqında yazmaq çoxlarının düşündüyü qədər də asan deyil. O Azərbaycan üçün, azərbaycanlılar üçün çox kişilərin görə bilmədiyi nəhəng işlər görüb. Onun haqqında kitab yazmaq, söz demək məsuliyyət və dərin düşüncə tələb edir. Millət vəkili Hüseynbala Mir-ələmov məhz mənəvi məsuliyyəti olan, ən azı buna haqqı çatan bir şəxsiyyətdir. Çünki o ulu öndərimizin ideallarını gənc yaşlarından qəbul etmiş, onlara bütün ömür külliyatında sadiq qalmış bir yazıçı və publisistdir. N.Şəmsizadə qeyd etdi ki, Heydər Əliyevi öyrənmək dövlətçiliyi öyrənməkdir. Heydər Əliyev ömrünün ən parlaq dövründə bəzən taleyini təhlükə altına qoyaraq, yaddaşımızın üzərində yadların hökmünün olduğu bir dövrdə mənəvi, elmi, tarixi yaddaşımızı qoruya bilib. Bu nəhəng şəxsiyyətin elə təkcə bu xidməti kifayət edir ki, onun irsi, həyat yolu öyrənilsin, təbliğ olunsun. Seminarda çıxış edən filologiya elmləri namizədi A.Rüstəmov, aktyor A.Bəylər və başqaları ulu öndərimiz Heydər Əliyevlə bağlı xatirələrini, onun irsinin tədqiqi və təbliği üçün təkliflərini bildirdilər və yazıçı-dramaturq H.Mirələmovun oxuculara təqdim etdiyi əsərlərin H.Əliyev irsinin öyrənilməsi və təbliğində öz payı olacaqlarını söylədilər. Söz millət vəkili Hüseynbala Mirələmova verildi. O, bu seminarın təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür edərək bildirdi ki, bu, çox müəqddəs bir işdir. Azərbaycan müstəqilliyinin qurucusu, xalqımızın ucalıq simvolu Heydər Əliyevin irsini tədqiq etmək nə qədər şərəfli işdirsə, onu təbliğ etmək bir o qədər müqəddəs bir işdir. Bu iş Azərbaycanın yeni irsinin məhz belə parlaq bir şəxsiyyətə bənzəmək istəyinə güclü təkan verəcək. Belə bir dahiyə bənzəmək istəyi, heç şübhəsiz, Azərbaycanda çox ləyaqətli bir nəslin yetişməsinə və formalaşmasına təkan verəcək. Natiq daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, siyasi, iqtisadi irsi ilə bağlı tədqiqatlarını davam etdirdiyini və yeni əsərlərin nəşrə hazırladığını seminar iştirakçılarının diqqətinə çatdırdı. Həmin gün seminar öz işini başa çatdırdı.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV,
“Xalq qəzeti” (10 may 2006)


Ağəli Dadaşov-100
MƏNALI ÖMÜR YOLU

Xidmət etmək sayılır, kişilikdən nişiana,
Xalqına xidmət etmək bir şərəfdir insana

Nizami Gəncəvi

library, kitabxana, библиотека, kitab, mərkəzi elmi kitabxana, aqali dadashov Ulu Nizaminin təbirincə desək, xalqına şərəflə xidmət edən insanlar arasında elələri var ki, bu ilin baharında onların 100 illik yubileyləri qeyd edilir. Düz 100 il bundan əvvəl martın 21-də Qazax rayonunun Salahlı kəndində Vəkilovalar ailəsində bir körpə dünyaya göz açmışdı. Cəmi 50 il ömür sürmüş bu insan gələcəyin dünyaşöhrətli Səməd Vurğunu idi. Şair, dramaturq, tərcüməçi, publisist, tənqidçi, ədəbiyyatşünas, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı, akademik Səməd Vurğun. Ondan bir neçə gün qabaq Bakıda dəmirçi ailəsində başqa bir uşaq doğulmuşdu. Bu, Azərbaycanın sevimli şairi və dramaturqu, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm idi. Kimin ağlına gələrdi ki, bir zaman gələcək bu iki şəxsiyyət Azərbaycan ədəbiyyatının bütün ağır yükünü öz çiyinlərində çəkəcək, müasir poeziyamızı göylərə ucaldan qoşa qanada çevriləcəkdir. Elə həmin ildə, 1906-cı ilin gözəl bahar fəslində Bakıda fəhlə ailəsində Ağəli adlı bir körpə dünyaya gəlmişdi. Bu gün 100 illik yubileyi qeyd edilən Ağəli Dadaşov bütün mənalı ömrünü teatr sənətinə bağlamışdır. Ağəli 1925-ci ildə N.Nərimanov adına Sənaye Texnikomuna daxil olmuş, lakin oranı bitirməmiş, bir ildən sonra M.F. Axundov adına Teatr Texnikomuna qəbul edilmişdir. Bu, onun teatr sənəti yolunda atdığı ilk addım idi. Ağəli Dadaşov1930-cu ildə təhsilini davam etdirmək üçün Moskvaya, A.V. Lunaçarski adına Teatr İncəsənt İnstitutuna göndərilir və 1935-ci ildə rejissorluq fakültəsini başa vurur. Elə bu dövrdən də onun teatr sahəsində yaradıcılıq tarixi başlayır. O, 1935-ci ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında rejissor vəzifəsində fəaliyyət göstərir, var qüvvəsini teatr kollektivlərinin səhnə mədəniyyətinin tərəqqisinə həsr etmişdir. 1936-38-ci illərdə burada «Almas» və «Vətən namusu» əsərlərinin qurulşunu verir. Lakin sevimli teatrda fəaliyyətini davam etdirməyə qoymurlar. Buna səbəb isə onun ailəsində baş verən dəhşətli hadisə olur. Günlərin bir günü böyük qardaşının faciəli şəkildə qətlə yetirilməsi onun bütün planlarını alt-üst edir. 18 yaşlı Məmmədəlinin kəsilmiş başı qapılarının ağzında tapılır. Ata ürəyi bu faciəyə tab gətirmir. Hər ikisi indiki Şəhidlər Xiyabının yerində dəfn olunub. İkinci qardaşı Həsənəli Sovet hakimiyyəti dövründə nazir vəzifəsinə qədər ucalır. Lakin 1938-ci ildə o, «vətən xaini» damğası ilə həbs olunaraq, ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. O zaman erməni müstəntiqi onu dindirərkən qardaşının başı kəsilən vaxt «bu, əclaf ermənilərin işidir» deməsini də ona qarşı bir ittiham kimi səsləndirir. Yenicə fəaliyyətə başlayan gənc rejissor Ağəli Dadaşov isə «vətən xaininin» qardaşı kimi paytaxtdan uzaqlaşdırılır. Gəncəyə işə göndərilir. Elə bu da bir növ sürgün idi. Lakin Ağəli Dadaşov sevdiyi sənət yolunda hər cür əziyyətlərə dözür və Gəncə Dram Teatrında məzmunlu tamaşalar hazırlamışdır. Bu illər ərzində o, «Pəri cadu», «Bəxtsiz cavan», «Sevil», «Ölülər», «Fərhad və Şirin», «1905-ci ildə» pyeslərinə verdiyi zəngin quruluşlar kollektivin yaradıcılıq həyatında mühüm hadisə olub. Teatrda sənətkarlıq işinin daha da canlanmasına təsir göstərmişdir. Gənc dramaturq H.A. Quliyevin «Qohumlar» pyesi ilk dəfə Kirovabad Dövlət Dram Teatrında tamaşaya qoyulduğundan teatr kollektivi, ilk növbədə teatrın baş rejissoru, pyesin quruluşçu rejissoru Ağəli Dadaşov var qüvvəsi ilə bu əsərin üzərində işləmiş və müəllifin bütün ideyalarını, əsərin hər bir incəliyini tamaşaçılara çatdırmağa səy göstərmişlər. Pyes müasir həyatdan alınmış ən maraqlı və ən aktual bir məsələni həll etməklə, dərin insan psixologiyası üzərində qurulmuşdur. Əsərin müsbət cəhətlərindən biri də gənclər üçün xarakter daşımasıdır. Əsərin quruluşçu rejissoru Ağəli Dadaşov pyesin ideya məzmununu tamaşaçılara çatdırmağa çalışmışdır. Gəncə tamaşaçıları tərəfindən çox səmimi və alqışlarla qarşılanan bu əsər Ağəli Dadaşovun böyük uğuru idi. Ağəli Dadaşovun yenidən Bakıya qayıtması və M.Qorki adına Gənc Tamaşaçılar Teatrında fəaliyyəti onun həyatında mühüm bir dövrü əhatə edir. A. Dadaşov 1954-56-cı illərdə Qorki adına Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində işləmişdir. Bu illər ərzində o, Mir Cəlalın «Bir gəncin manafesti», Mehdi Hüseynin «Komissar» romanı əsasında «Sirli şəhər»ini, Əli Vəliyevin «Gülşən» povestinin səhnələşdirib və qurluşunu vermişdir. Teatrdakı uğurlarına görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti onu Fəxri Fərmanla təltif etmişdir. 1954-cü ilin repertuarında Ağəli Dadaşovun «Bir gəncin manafesti» tamaşası çox böyük uğur qazanmışdır. Bu dövrdə Cəfər Cabbarlının «Yaşar», Zeynal Xəlilin «Gənc ustalar» və Vilyam Şekspirin «İki veroniyalı» əsərlərini də Ağəli Dadaşovun uğuru hesab etmək olar. Respublikanın əməkdar artisti Ağəli Dadaşov Gənc Tamaşaçılar Teatrında məktəblilərin tərbiyəsinə xidmət edən maraqlı əsərləri səhnələşdirərək tamaşaya qoymuşdur. Azərbaycan televiziya teatrının əsasını qoyanlardan biri də görkəmli rejissor Ağəli Dadaşov olmuşdur. Aydın Dadaşov və Qulu Məhərrəmlinin görkəmli sənətkarımız, misilsiz teleradiotamaşalar yaratmış A.Ə. Dadaşovun ləyaqətli övladı Firəngiz xanıma ünvanladıqları «Televiziya və radio tamaşaları» kitabında deyilir ki, peşəkar səhnədə tamaşalara quruluşu verərək püxtələşmiş Ağəli Dadaşov 1956-cı ildən Azərbaycan Radio və Televiziya Komitəsində rejissor vəzifəsində çalışmışdır. N.B. Vəzirovun «Dağılan tifaq» (1959), M.F. Axundovun «Molla İbrahimxəlil kimyagər» (1961) və «Müsyo Jordan» (1962), C. Məmmədquluzadənin «Qurbanəli bəy» (1965), H. Cavidin «Xəyyam» (1963), S. Vurğunun «Muğan» (1964), M.Əlizadənin «Sən gözəlsən» (1965), S. Rəhimovun «Mehman» (1967), M. Şamxalovun «Qaynana» (1968) əsərləri məhz A. Dadaşovun parlaq istedadı sayəsində televiziya ekranına çıxmışdır. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçirilən günlərdə Ağəli Dadaşov «Firuzə» televiziya tamaşası ilə paytaxt tamaşaçılarını tanış etmişdir. Bu illərdəki uğurlarına görə o, respublikanın Əməkdar incəsənət xadimi kimi şərəfli ada layiq görülmüşdür. Ağəli Dadaşov yalnız quruluşçu rejissor deyil, eyni zamanda rejissor-pedaqoq olmuşdur. Onun M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda tərbiyə etdiyi onlarca aktyor indi respublikamızın müxtəlif sənət ocaqlarında müvəffəqiyyətlə çalışır. A.A. Dadaşov institutda aktyor sənətindən dərs deyirdi. O, tələbələrə xeyirxahlıqla birlikdə tələbkarlıqla yanaşar, aktyor sənətinin sirlərinə yiyələnməkdə onlara yaxından kömək edirdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli yığıncaqda demişdi: «Teatr müqəddəs yerdir; tərbiyə ocağıdır, orada çalışanlar fədəkardırlar, fədaidirlər… Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəsini yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar». Milli mədəniyyətimizin, incəsənətimizin inkişafına göstərdiyi qayğı da Ağəli Dadaşovun xalqa məhəbbətindən, ona xidmət etmək arzusundan qidalanmışdır.

İsmət Səfərov

"Yüksək qiymət alimləri yeni uğurlara həvəsləndirir " (Xalq qəzeti)

     Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi “Azərbaycan elminin inkişafına dövlət qayğısı daha da artırılacaqdır” sözləri ölkə başçısının elmimizə arxa-dayaq olduğunu bir daha təsdiqlədi.
     Prezident çıxışında bir məqamın üzərində isə xüsusi ilə dayandı: “Hər bir ölkənin inkişafında, şübhəsiz ki, ölkəni idarə edən, ona rəhbərlik edən şəxsin iradəsi və proqramı əsas yer tutur”. Azərbaycan gerçəkliyində bu fikir ulu öndərimiz Heydər Əliyevin hakimiyəti illərində parlaq əksini tapmışdır.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycana, onun xalqına, elminə, mədəniyyətinə xidmət etmiş ulu öndər Heydər Əliyevin fəaliyyət proqramı, siyasi kursu bu gün də ölkəmizin idarə olunmasında uğurla həyata keçirilir.
      Heydər Əliyev hər zaman Azərbaycan elminin keşiyində durmuş, yüzlərlə azərbaycanlının xaricdə təhsil alaraq respublikamıza xidmət etməsini təmin etmişdi. Böyük dövlət xadimi daim alim və ziyalılara xüsusi qayğı ilə yanaşmış, onların ən yaxın hamisinə çevrilmişdi. Bu gün həmin ənənəni Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Milli Elmlər Akademiyasının 60 illik yubileyində ölkə Prezidentinin iştirakı elmə, alimə göstərilən böyük diqqətin təzahürü oldu. Dövlət başçısı ünvanımıza xoş sözlər söylədi, gələcək planlarımıza istiqamət verdi, həmkarlarımızı yüksək dövlət mükafatları ilə təltif etdi. İlham Əliyev Azərbaycan alimini daha səylə işləməyə, gələcəyin elmi potensialını artırmağa çağırdı.      
Azərbaycan elminin keçdiyi tarixi yolu vərəqləməklə Prezident İlham Əliyev elmimizin inkişafında zəhməti olmuş şəxsiyyətləri də unutmadı. “Azərbaycanda çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri çox dəyərli şəxslərdir. Həm elm sahəsində, həm də ictimai həyatda xalqın hörmətini qazanmış insanlardır və biz bu insanlarla fəxr edirik” — deyən ölkə başçısı elm fədailərinə olan hörmətini ifadə etdi.
      Prezident İlham Əliyev fundamental və humanitar elm sahələrinin inkişaf etdirilməsi zərurətindən də bəhs etdi, alimlərimizi daha sanballı əsərlər yaratmağa, dünya müstəvisinə inteqrasiya olmağa səslədi, elm qarşısında duran prioritet vəzifələrə toxundu. Azərbaycan elminin işıqlı gələcəyi olduğunu dönə-dönə vurğulayan dövlət başçısı son illər görülən işləri yüksək qiymətləndirdi.
      “Mən də fəxr edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün çox yüksək səviyyədədir. Çalışmalıyıq ki, gələcəkdə öz işimizlə akademiyaya kömək göstərək, onun bütün məsələlərini həll edək və Azərbaycanda elmin gələcək inkişafına nail olaq”. Bu sözlər dövlət başçısının alimlərlə görüşdə söylədiyi ümidverici fikirlərin məntiqi yekunu idi. Biz ziyalılar dövlət başçısı İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti dəstəkləyir, Azərbaycanın gələcəyi naminə ona uğurlar diləyirik. Biz Prezidentin elmimizə, alimlərə verdiyi yüksək qiyməti, ölkəmizin yüksək mükafatlarının məsuliyyətini heç bir zaman unutmayacağıq.

Aybəniz ƏLİYEVA – KƏNGƏRLİ,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi

"Latın qrafikalı yeni nəşrlərin sərgisi"

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında latın qrafikası ilə nəşr olunan kitabların sərgisi təşkil olunub. Sərgi iyul ayının 8-dən 12-dək davam edəcək. Bu sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr olunmuş əsərləri geniş oxucu auditoriyasına çatdırmaq üçün atılmış növbəti bir addımdır. Hələ 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit şərait yaratdı. Bununla da respublikada insan fəaliyyətinin bütün sahələrində dövlət dilinin və latın qrafikasının rəsmi şəkildə tətbiqi işinə start verildi. Prezidentin sözügedən sərəncamı Azərbaycanda elmin, mədəniyyətin, ədəbiyyatın, maarifçiliyin, ictimai fikrin inkişafına böyük təkan və dövlət qayğısının önəmli təzahürü kimi dəyərləndirilib. Prezidentin sərəncamı ölkədə latın qrafikası ilə kitab nəşrinin sürətlənməsilə yanaşı, bu əlifba ilə təhsil almış bütöv bir nəslin Azərbaycan və dünya klassik irsini mütaliə etmək, seçmə ədəbi nümunələrlə tanış olmaq imkanı yaratması baxımından xüsusi əhəmiyyət daşıyır. Sərəncama əsasən nəşr olunacaq kitabların siyahısına 172 adda kitab daxildir ki, onların da artıq bir hissəsi nəşr olunub Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən geniş ictimaiyyətə təqdim edilmişdir. Məlumat üçün bildirmək istərdik ki, hazırda latın qrafikası ilə nəşri həyata keçirilən kitab nüsxələri Mərkəzi Elmi Kitabxananın fondunda da özünə yer tapmış və bu gün sərgilənmək üçün geniş ictimaiyyətin ixtiyarına verilmişdir. "Lüğət və ensiklopediyalar", "Azərbaycan dili və tarixi", "Klassik və müasir Azərbaycan ədəbiyyatı" və "Dünya ədəbiyyatı" bölmələrindən ibarət olan yeni nəşrlər, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası", "Azərbaycan dilinin orfoqrafiya lüğəti", Nizami Gəncəvinin "İsgəndərnamə", "Yeddi gözəl", "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Lirika", İmadəddin Nəsiminin "Seçilmiş əsərləri", "Kitabi-Dədə Qorqud", Yunus Əmrənin "Əsərləri", Zeynal Xəlilin, Əli Kərimin, Bəxtiyar Vahabzadənin, Almas İldırımın və başqalarının "Seçilmiş əsərləri", eləcə də, Hötenin "Faust", Puşkinin "Seçilmiş əsərləri"ni, Dostoyevskinin "Cinayət və cəza" və s. adlı kitabları əhatə edir. Nəşr olunan və olunacaq kitabların siyahısı 4 bölmədən ibarətdir. "Lüğət və ensiklopediyalar" bölməsində ikidilli lüğətlərlə yanaşı, Azərbaycan dilinin antonimlər, omonimlər, sinonimlər lüğətlərinin, Azərbaycan dilinin dialektoloji lüğətinin və Azərbaycan dilinin tarixi lüğətinin yenidən nəşri nəzərdə tutulur. "Azərbaycan dili və tarixi" bölməsi Azərbaycan tarixi, dilçiliyi, arxeologiyası, etnoqrafiyası, fəlsəfəsi, incəsənətinə dair bir neçə elmi əsərləri əhatə edir. "Klassik və müasir Azərbaycan ədəbiyyatı" bölməsi Əmin Abid, Əssar Təbrizi, Həbibi, Heyran xanım, Zeynalabdin Marağai, Mirmöhsün Nəvvab kimi klassiklərin əsərlərinin yenidən nəşrini nəzərdə tutur. Siyahının "Dünya ədəbiyyatı" bölməsi dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ilə yanaşı, ingilis, fransız, ispan, rus ədəbiyyatları antologiyalarının, dünya fantastikası antologiyasının da yenidən nəşrini nəzərdə tutur. Təqdirəlayiqdir ki, latın qrafikalı kitabların nəşrə hazırlanması, hazır məhsulun alınması və müxtəlif ünvanlara-ali və orta, orta ixtisas məktəblərinə, mədəni-maarif ocaqlarına çatdırılması məhz AMEA-ya həvalə olunmuşdur. Artıq neçə-neçə təşkilat dövlət hesabına pulsuz olaraq belə kitablarla öz fondunu zənginləşdirmişdir.

Aybəniz ƏLİYEVA – KƏNGƏRLİ,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi

''İslamşünaslığa dəyərli töhfə''

"RESPUBLIKA"

    Bu yaxınlarda işıq üzü görmüş monoqrafiya belə adlanır. Nəfis şəkildə, yüksək poliqrafik üsulunda dərc olunmuş, hər səhifəsi milli ornamentlərlə bəzədilmiş kitabın müəllifləri Oruc və Namiq Qüdrətovlardır. Adı çəkilən kitab ata və oğulun İslama dair ilk kitabı deyildir. Onlar "Məhəmməd Peyğəmbər: həyatı və kəlamları" və "Peyğəmbərə 40 sual" kitablarının da müəllifləridir. "İslam kitabxanası" beş hissədən ibarətdir. Birinci hissədə islama qədər olan dinlərin təsnifatı verilir. İkinci həssədə Qurani-Kərimdə Allahın zatı və sifətləri, onun qüdrət əlamətləri haqqında söhbət gedir. Kitabın üçüncü bölməsində azərbaycanlı oxuculara indiyə qədər məlum olmayan faktlarla-25 peyğəmbərin həyatı və fəaliyyətinə dair materiallarla zəngin məlumat verilir. Bu bölmə qələmə alınarkən müəlliflər bütün səmavi kitablara, habelə Qurani-Kərimdən sonra islamın ikinci istinad obyekti olan Məhəmməd Peyğəmbərin çoxlu hədislərinə, habelə bir sıra başqa dini kitablara, məsələn Talmuta, Ağadaya, ravvinlərin əsərlərinə müraciət etmişlər. İslam tarixinə xronoloji nəzər, Qurani-Kərimdəki ayrı-ayrı kəlamların, surə və ayə göstəriciləri kitabı daha da dəyərləndirir. Qeyd etmək lazımdır ki, hələ indiyədək heç bir ədəbiyyatda belə göstəricilər öz əksini tapmayıb. Bu böyük işin öhdəsindən peşəkar jurnalist, tarixçi alim Oruc Qüdrətov və onun oğlu Namiq Qüdrətov bacarıqla gələ bilmişlər. "İslam kitabxanası" ensiklopedik məlumatlarla çox zəngindir, təsvir edilən hadisələrin şərh və təhlili ciddi maraq doğurur. Müəlliflər öz yazılarında islamın bəzi ehkamlarına adi oxucuların başa düşəcəyi formada aydınlıq gətirmişlər. Kitabın girişində müəlliflər aləmlərin Rəbbinə xitabən yazırlar ki, "geniş oxucu kütləsi üçün nəzərdə tutulan "İslam kitabxanası" adlı əsəri qələmə almağı ağlımıza salan Sən oldun. Biz bu kitabı qələmə alarkən Sənin elçin, İslam dünyasının bayraqdarı olan Məhəmməd Peyğəmbərin aşağıdakı kəlamlarını ön plana çəkdik: "insan özündən sonra üç xeyirli şey qoyub gedir: ona dua etdirən yaxşı və təmiz övlad; ona rəhmət oxutduran verdiyi sədəqələr və özündən sonra xalqı faydalandıran bilik". İslam ehkamına görə Qurani-Kərimdəki elm və biliklər üç qismə bölünür. Birinci qismə Allah-Taalanın isimləri və sifətləri daxildir. Ulu Tanrı bunları heç bir bəndəsinə bildirməmişdir. İkinci qismə daxil olan biliklər yalnız Məhəmməd Peyğəmbərə bildirilmişdir. Üçüncü qismə daxil olan bilikləri öz ümmətinə də öyrətməyi əmr etmişdir. Oxuculara təqdim olunan bu kitab yazılarkən müəllifləri ülvi bir məqsəd-Qurani-Kərimi öyrənənlərə kömək etmək məqsədi düşündürmüşdür. İslam dininə qarşı rəğbəti artıran bu dinin nur çeşməsi, səmavi kitabların ən axırıncısı İlahi vəhylər toplusunun ən yetkini Qurani-Kərimi öyrənmək üçün "İslam kitabxana"sı ən gözəl mənbədir.

İsmət SƏFƏROV



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları