Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
ÖLKƏMİZDƏ KİTABXANA İŞİNİN İNKİŞAF STRATEGİYASI
Bu günlərdə respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
Azərbaycan kitabxana işi tarixində ilk dəfədir ki, kitabxana işini, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu mövqeyi, müasir informasiya cəmiyyəti şəraitində kitabxanaların vəzifələrini, gələcək inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən böyük proqram əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Bu, müstəqilliyimizin, milli ideologiyamızın durmadan inkişaf edib təkmilləşdiyi bir şəraitdə respublikamızda kitabxana işinin yaxın gələcək üçün inkişaf proqramıdır.
Belə bir sənədin imzalanması dövlət başçısının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxana işinə böyük qayğısının təzahürüdür.
Bu mühüm sənəddə kitabxana işi kompleks halda götürülmüş, onun Azərbaycan elm və mədəniyyəti tarixində, xalqımızın maariflənməsində, mədəni və intellektual səviyyəsinin yüksəlməsində, təhsil və tərbiyəsində rolu və əhəmiyyəti geniş şəkildə şərh edilmiş, Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirilmişdir.
Prezidentin sərəncamında olduqca mühüm bir problemə—xarici ölkələrin böyük milli kitabxanalarında saxlanılan qiymətli Azərbaycan kitablarının müəyyənləşdirilib respublikamıza gətirilməsi probleminə də toxunulmuşdur. Tarixdən məlumdur ki, xalqımızın çox böyük kitab və kitabxana mədəniyyəti vardır. Qədim dövrlərdə və orta əsrlərdə Azərbaycan kitabxanalarında Azərbaycan müəlliflərinin böyük elmi və mədəni əhəmiyyətə malik əsərləri ilə yanaşı, bəşər mədəniyyətinin ən qiymətli inciləri hesab edilən əsərlər də qorunub saxlanılırdı. Məhz buna görə də qədim Azərbaycan kitabxanaları yadelli işğalçıların diqqətindən kənarda qalmamışdı. Odur ki, vaxtaşırı olaraq Azərbaycana soxulan yadelli işğalçılar Azərbaycan kitabxanalarında saxlanılan qiymətli kitabları da qənimət olaraq aparırdılar. Sərəncamda bu mühüm məsələyə diqqət yetirilməsi olduqca böyük elmi əhəmiyyət kəsb edir.
Sərəncamda göstərilir: “Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif kitabxanalarında saxlanılan və xalqımızın ədəbi–estetik, elmi–mədəni fikir dünyasını əks etdirən çox sayda əlyazmaları XIX əsrin əvvəllərindən regionlarda cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış və bu gün də dünya kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur”. Sənəddə öz əksini tapmış bu problem respublikamızın elmi ictimaiyyətini, kitabşünas və kitabxanaşünas alimlərini çoxdan düşündürürdü. Ancaq bu məsələni həll etmək, qiymətli Azərbaycan əlyazmalarını və nadir kitabları respublikamıza gətirmək mümkün deyildi. Bu məsələni ancaq dövlət səviyyəsində həll etmək mümkündür. Biz ümid edirik ki, bu sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planında bu problem öz həllini tapacaqdır.
Sərəncamda qeyd edilir ki, xalqımızın yaratdığı qiymətli tarixi–mədəni, ədəbi–bədii və elmi–fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən–nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual–mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Bu dövlət sənədində xalqımızın qədim dövrlərdən başlayaraq zəngin kitabxanalar yaratmaq ənənələri, Azərbaycan kitabının dünya kitabxanalarının Şərq fondlarının formalaşmasındakı rolu, XIX–XX əsrlərdə ölkəmizin elm, mədəniyyət və sənaye mərkəzlərində böyük kitab xəzinələrinin yaradılıb inkişaf etdirilməsi, bu gün ölkəmizin bütün bölgələrində fəaliyyət göstərən müxtəlif kitabxana şəbəkələri və mərkəzləşdirilmiş kitabxana sistemlərinin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Sərəncamda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni vandalları tərəfindən 4 milyondan artıq kitabın mühafizə olunduğu 1000–ə yaxın kitabxana və kitabxana filiallarının məhv edilməsi faktı xüsusi qeyd edilmişdir.
Ölkəmizin ictimai–mənəvi həyatının gələcək inkişafında çox böyük əhəmiyyəti olan bu tarixi dövlət sənədində müstəqillik illərində Azərbaycan dövləti tərəfindən kitabxana işinin vəziyyəti və yaxşılaşdırılması istiqamətində aparılan işlər, 1999–cu ildə təsdiq edilmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun rolu, müasir dövrdə ölkədə 12 mindən çox kitabxana–informasiya müəssisəsini birləşdirən geniş şəbəkənin mövcudluğu qeyd edilir.
Prezident öz sərəncamında Azərbaycanın informasiya cəmiyyətinə doğru intensiv inkişaf etməsi ilə əlaqədar elmi–mədəni informasiya sərvətlərindən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, eləcə də ölkə kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədilə dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir.
Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi–texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb 2 ay müddətində Prezidentə təqdim etməlidir.
Adıçəkilən nazirliklər həmçinin 2 ay müddətində yerli icra hakimiyyəti orqanlarının təkliflərini nəzərə alaraq, Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi–texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya daşıyıcılarına ehtiyacının ödənilməsinə dair xüsusi tədbirlər planı hazırlayıb təqdim etməlidirlər.
Mədəniyyət və Turizm Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun bazasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması və oxucuların tam istifadəsinə verilməsini təmin etməlidir.
Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə “Azərbaycan Respublikasında kitabxana–informasiya sahəsinin 2008–2013–cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı hazırlayıb 3 ay ərzində Prezidentə təqdim etməlidir.
Təhsil Nazirliyi isə məktəb kitabxanalarının maddi–texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planı hazırlayıb 2 ay müddətində Prezidentə təqdim edəcəkdir.
Sərəncamda Azərbaycan elminin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bəndlərdən biri də “Akademiya şəhərciyi”nin ərazisində AMEA–nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikilməsi ilə əlaqədardır ki, bu işlə bağlı təkliflərin Prezidentə 1 ay müddətində verilməsi tapşırılmışdır.
Şübhəsiz ki, fondunda 3 milyon nüsxədən artıq elmi informasiya daşıyıcısını cəmləşdirən Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni bina ilə təmin edilməsi ölkəmizdə aparılan elmi–tədqiqat işlərinin informasiya təminatının optimallaşdırılmasına, keyfiyyətcə yeniləşməsinə səbəb olacaqdır.
Qeyd etmək istərdik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmiş bu sərəncam ölkədə kitabxana işinin inkişafının prioritet istiqamətlərini müəyyənləşdirən tarixi sənəddir.
Burada qoyulmuş məsələlər, irəli sürülmüş təkliflər və müvafiq dövlət qurumlarına verilmiş tapşırıqlar Azərbaycanda informasiya cəmiyyətin informalaşmasında kitabxanaların rolu və vəzifələrini əks etdirən strateji proqramdır.
Bu sənəd bir daha sübut edir ki, İlham Əliyev vaxtilə kitabxanaları “müqəddəs yer, bilik və zəka mənbəyi” kimi qiymətləndirmiş ulu öndərimiz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, kitabxana işi sahəsində də müasir siyasətinin layiqli davamçısıdır.
Belə ki, onun “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004–cü il 12 yanvar və “2005–2006–cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004–cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son 3 il ərzində ölkədə ümumi sayı 9 milyon nüsxəyə yaxın kitab nəşr edilərək kitabxanalara hədiyyə edilmişdir. Nəticədə ölkədə kitabxanaların fondları əhəmiyyətli dərəcədə zənginləşmiş və yeniləşmiş, oxuculara xidmət işi xeyli yaxşılaşmışdır.
Hörmətli Prezidentimizin aprelin 20–də imzaladığı sərəncam isə onun ölkəmizdə kitabxana işinin inkişafına yönəlmiş siyasətinin uğurlu davamıdır.
Respublikamızın elm, mədəniyyət və təhsil işçiləri ilə yanaşı, bu sərəncamı böyük razılıq hissi ilə qarşılamış çoxminli kitabxanaçılar ordusu onların fəaliyyətinə verilən yüksək qiymətə görə hörmətli Prezidentimizə öz dərin minnətdarlığını bildirir. Heç şübhə yoxdur ki, onlar sərəncamda irəli sürülən vəzifələrin həlli üçün bütün qüvvələrini və intellektual mənəvi potensiallarını səfərbər edərək, müstəqil respublikamızın gələcək inkişafı üçün daha əzmlə çalışacaqlar.