İKT üzrə Milli strategiya
http://www.science.az
http://www.mincom.gov.az
http://www.nicts.az
http://www.gateway.az
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
cənablarının Informasiya Cəmiyyəti üzrə İsveçrə Sammitinin
Plenar iclasının açılış sessiyasında çıxışı
Möhtərəm cənab Sədr!
Son onillik ərzində informasiya-kommunikasiya texnologiyalari gündəlik həyatimizin tərkib hissəsinə çevrilmişdir. Bizim üçün artıq müasir dünyanı internetsiz, e-mail-sız və qlobal kiberməkanin çoxsayli digər atributlarısız təsəvvür etmək çətindir.
Biz artiq yeni cəmiyyət tipi – informasiya cəmiyyəti haqqında, yeni idarəçilik tərzi – elektron hökuməti haqqında danişırıq.
Bu Sammitin qərarları ilk növbədə informasiya cəmiyyətinin yeni gerçəkliklərini yaradacaq yeni nəsillərə ünvanlanmışdır. Məhz bu baxımdan əhalisinin 70 faizə qədəri 35 yaşından aşağıolan Azərbaycan üçün Sammitin sənədləri olduqca vacibdir. Ölkəmizin gəncliyi BMT-nin Inkişaf Proqramı ilə birgə ölkədə artıq həyata keçirilən informasiya-kommunikasiya layihələrində fəal iştirak edir.
Azərbaycan dövləti adından bəyan etmək istərdim ki, informasiya cəmiyyətinin təşəkkül tapması məramlarımıza uyğun gəlir və biz belə bir ideyanı dəstəklədiyimizi vurğulayırıq. Hazırda biz elektron hökumətindən tutmuş elektron iqtisadiyyatına qədər çox sayda konkret layihələri əhatə edən “Elektron Azərbaycani” dövlət proqramı üzərində işləyirik.
Azərbaycanda 10 ildən artıq hökm sürən iqtisadi və siyasi sabitlik ölkəmizin sürətli inkişafını təmin edən əsas amillərdən biridir. Iqtisadi və siyasi islahatlar dünya birliyinə inteqrasiyaya yönəldilmişdi, bu da sürətli iqtisadi inkişafa və cəmiyyətimizin demokratikləşməsinə gətirib çixardı. Son 6 il ərzində ümumi daxili məhsulun illik artimi orta hesabla 10 faiz təşkil etmişdir. Özəl sektorun ümumi daxili məhsulda payi 70%-dən artıqdır. Adambaşına düşən xarici sərmayənin həcminə görə uzun illərdir ki, Azərbaycan keçid dövrü iqtisadiyyatına malik olan ölkələr arasında öndə gedir.
Hazırda Azərbaycanda nəhəng energetika layihələri həyata keçirilir. Üzümüzə gələn 3 il ərzində Xəzər dənizinin neft və qaz sektorunun inkişafına, neft və qaz kəmərlərinin yaradılmasına 10 milyard dollar həcmində investisiya qoyulacaqdır. Azərbaycanda mövcud olan əlverişli investisiya iqlimi, tam şəffaflıq və siyasi sabitlik belə bir sürətli investisiya axırınının əsas amillərindən biridir.
Azərbaycanın geosiyasi mövqeyi ölkəni regional nəqliyyat layihələrində mühüm bir qovşaoa çevirir. Azərbaycanın Qərb-Aərq, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu olduqca əhəmiyyətlidir. Ölkədən keçən nəqliyyat və enerji axınları güclü informasiya axınları ilə müşayiət olunur. Onların işlənib-hazırlanması, hazır məhsula çevrilməsi zərurəti informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşımızda dayanan konkret vəzifədir.
Biz inanırıq ki, ölkəmiz bölgədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün, o cümlədən bu texnologiyalardan ümumi inkişaf naminə istifadə olunması sahəsində sistemli əlaqələndirici ola bilər. Biz bütün maraqlı tərəflərə məhz belə bir təkliflə müraciət etmək istəyirik.
Azərbaycan bütün regional layihələrdə nəinki iştirak edir, həm də onlarin həyata keçirilməsində mühüm rol oynayır. Regional əməkdaşlıqda Azərbaycanın iştirakı davam etdiriləcəkdir.
Təəssüf ki, hal-hazırda bölgədə tammiqyasli əməkdaşlığa mane olan əsas faktorlardan biri bu gün də mövcuddur. Bu, Azərbaycanın 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağın və digər 7 rayonunun Ermənistan tərəfindən 10 ildən artıq davam edən işğalıdır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu işğal faktı BMT-nin 4 qətnaməsində, ATƏT-in Minsk qrupunun qərarlarında, Avropa Şurasının rəsmi sənədlərində və digər sənədlərdə öz əksini tapmış və dünya birliyi tərəfindən etiraf olunmuşdur. Dünya birliyi öz nüfuzundan tam həcmdə istifadə edərək Ermənistanı öz qoşunlarını Azərbaycann işğal olunmuş ərazilərindən geri çəkməyə məcbur etməlidir.
Xanımlar və cənablar!
Informasiya və bilik bazarının formalaşdırılmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirilir. Bütün bunlar bizə onu bəyan etməyə imkan verir ki, Azərbaycanın elmi potensialı, əldə etdiyi texnoloji nailiyyətləri biliklərə əsaslanan cəmiyyətin bərqərar edilməsi üçün tam kifayətdir. Neft gəlirlərinin qorunması və səmərəli idarə olunması, iqtisadiyyatın müasirləşməsi və gələcək nəsillər üçün vəsaitlərin toplanması naminə yaradılmış Azərbaycan Dövlət Neft Fondu tam şəffaf və beynəlxalq miqyasda audit olunan bir qurumdur. Bu Fond bizim əsas məqsədlərimizdən biri olan qara qızılımızı – neft ehtiyatlarımızı insani sərvətə — ölkəmizin hər bir vətəndaşının real potensialına çevirmək üçün bizə kömək edəcəkdir.
Diqqətinizə görə sağ olun.

AR Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun
Informasiya Cəmiyyəti üzrə Tunis Sammitinin
Plenar iclasının açılış sessiyasında çıxışı (17.11.2005)
Hörmətli cənab Baş katib!
Zati-aliləri Prezidentlər və Baş nazirlər, xanımlar və cənablar!
XXI əsrin böyük çağırışları - təbii fəlakətlər, humanitar krizislər, millətlər və insanlar arasında dərinləşən sosial-iqtisadi fərqlər, hələ də mövcud olan konfliktlər və o cümlədən yeni aşkar etdiyimiz və hələlik həll edə bilmədiyimiz informasiya aclığı və rəqəmsal fərq bu gün bizi bu gözəl diyara, bu möhtəşəm salona toplamışdır.
2003-cü ildə Cenevrədə belə bir nəticəyə gəldik ki, yoxsulluq vəziyyətində yaşayıb təhsildən, tibbi xidmətdən, elektrik və rabitədən və digər, ən zəruri nemətlərdən məhrum olan təqribən 2 milyard insan üçün çıxış yolu onların informasiya təminatına və biliklərə yiyələnməsindədir. Cenevrədə biz informasiya və kommunikasiya texnologiyalarının (İKT) əsasən sosial-iqtisadi inkişafındakı rolundan danışırdıq. Bu gün isə fərəhlə deyə bilərik ki, İKT-nin cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu artıq ön plana çəkilmişdir. İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır. Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın- informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur.
İcazə verin, mənə ayrılmış bu qısa vaxtda Cenevrədən sonra son iki ildə Azərbaycanda informasiya cəmiyyətinin quruculuğu sahəsində əldə etdiyimiz nailiyyətlər, qarşılaşdığımız problemlər və bu istiqamətdə dünyada gedən proseslərə ölkəmizin münasibətini sizə çatdırım. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində İKT-nin inkişafı üzrə qəbul olunmuş Milli Strategiyaya uyğun islahatlara başlanıldı. İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsi və bazarda münasibətlərin tənzimlənməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı. Dünya Bankı ilə birlikdə “Telekommunikasiya üzrə yeni siyasət planı” hazırlanıb hökumət tərəfindən təsdiq olundu. İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçid üçün hüquqi bazanın yaradılması istiqamətində bir neçə qanun və hüquqi-normativ sənədlər qəbul edildi. Telekommunikasiya, poçt, elektron imza və sənəd, elektron kommersiya kimi qanunlar qəbul edilmişdir. Yüngülləşdirilmiş lisenziya və yumşaq tənzimlənən tarif sistemi işlənib hazırlanmışdır. İKT-nin 2005-2008-ci illərdə inkişafı üçün Dövlət Proqramı qəbul edilmişdir. Sərbəst tənzimləmə qurumunun mərhələli prinsiplə yaradılmasına başlanılmışdır.
İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. 2004-cü ildə İKT sektorunda artım 38%, bu ilin 9 ayında isə 35% olmuşdur. İnvestisiya qoyuluşu keçən il təqribən 90 milyon, bu il isə 120 milyon ABŞ dolları həcmində həyata keçirilmişdir.
Yeni texnologiyalar, o cümlədən geniş zolaqlı çıxış, 3-cü nəsil xidmətlər, MDB ölkələri içərisində ikinci ölkə olaraq rəqəmsal televiziyanın istifadəyə verilməsi, simsiz internet xidməti, NGN və digər yeni sistemlərin tətbiqi əsas nailiyyətlərimizdəndir. Ölkədə yoxsulluğun azaldılması proqramı çərçivəsində Dünya Bankı ilə birlikdə tətbiq edilən poçt sisteminin yeni şəbəkə infrastrukturunun qurulması və poçta maliyyə, bank və informasiya xidmətlərinin verilməsi layihəsi birbaşa yoxsulluğun və ölkə daxilində rəqəmsal fərqin azaldılmasına yönəlmişdir. Kənd yerlərində rabitə və İT xidmətlərinin göstərilməsini, “axırıncı mil” probleminin həllini, xidmətlərin bütün ölkə ərazisində bərabər və yüksək keyfiyyətlə verilməsini təmin etmək üçün bütün ölkəni əhatə edən 10 Gbit sürətli magistral rəqəmsal şəbəkənin quruluşuna başlanılmışdır. Bu iş 2007-ci ildə başa çatdırılacaqdır. Ölkəmiz Trans-Asiya-Avropa optik magistralı ilə şərq-qərb və şimal-cənub istiqamətlərində gedən rabitə yollarının kəsişməsindədir və regionda ilk dəfə Avropanın əsas bazasına birləşmişdir.
Azərbaycan hökuməti İKT-nin tətbiq sahəsinin hüdudlarının genişləndirilməsini və onun cəmiyyətin demokratik dəyərlərinin və insan hüquqlarının qorunmasındakı rolunu dövlət proqramı çərçivəsində E-idarəçilik layihələri vasitəsi ilə həyata keçirməyi vacib sayır. Artıq ölkəmizdə bir neçə təyinatlı şəbəkələr, o cümlədən Dövlət Gömrük Komitəsinin, Maliyyə və Vergilər Nazirliklərinin, Dövlət Pensiya Fondunun, elektron seçkilər sisteminin, həmçinin elm və təhsil şəbəkələrinin real fəaliyyəti buna misaldır. Onlarla dövlət və hökumət WEB-saytları vətəndaşların və iş adamlarının üzünə açılmışdır. E-hökumət haqqında qanun layihəsi hazırlanmaqdadır. Fəxr edirik ki, Azərbaycan İKT-nin insan hüquqlarının qorunmasında rolu üzrə tezislərin irəli sürülməsində öndə gedən təşəbbüskar ölkələr sırasındadır.
Bunu Azərbaycan sammit (WSIS) çərçivəsində qəbul olunan Avropa Şurasının Nazirlər Kabinetinin bəyannamələrində təsdiq etmişdir.
Yeri gəlmişkən, Azərbaycan sammitin sponsoru və təşkilat komitəsinin aktiv bir üzvü kimi Cenevrə ilə Tunis sammitləri arasında olan bu iki ildə İKT üzrə iki beynəlxalq sərgi təşkil etmişdir. BTİ (İTU)-nin üç seminar və bir konfransını, regional RSS təşkilatının üç seminar və rəhbərlərinin baş iclasını və ÜPİ, DB, BMT İP ilə birlikdə bir neçə tədbirlər həyata keçirmişdir. Ümumiyyətlə, Azərbaycan hesab edir ki, İKT sahəsində beynəlxalq əməkdaşlıq qloballaşmanın, transmilli iqtisadiyyatın və ümumdünya firavanlığının zəruri şərtidir. Bu müqəddəs işə Azərbaycan öz beynəlmiləl töhfəsini regionda tranzit-informasiya mərkəzi, İKT üzrə sərbəst iqtisadi zonaların yaradılmasını və bu sahədə qlobal işgüzar mühitin yaradılması üçün apardığı işlərlə verir.
Azərbaycan təbii sərvətlərlə, əsasən də neft və qazla zəngin olan ölkədir. Neft-qaz istehsalı və emalı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Azəbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Cenevrədə bəyan etdiyi “qara qızılı insan qızılına, intellektual potensiala çevirək” tezisi Azərbaycan iqtisadi siyasətinin istiqamətləndirici amilidir. Bu gün Azərbaycanda uğurlu neft iqtisadiyyatının estafetinin qəbulu, neftdən sonrakı iqtisadi prioritet sahə yüksək texnologiyalar, o cümlədən İKT sayılır.
Hörmətli sammit iştirakçıları!
Biz hesab edirik ki, İKT-nin qlobal əməkdaşlığın bir bünövrəsi kimi inkişafında dövlətlər və xalqlar arasındakı qeyri-normal münasibətlər və konfliktlər ən böyük maneələrdir. Bu gün Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı və işğal olunmuş ərazilərdən bir milyona qədər qaçqın və köçkün düşmüş azərbaycanlıların problemi regionda bir çox sahələrdə olduğu kimi, İKT sahəsində də regional və beynəlxalq layihələrin həyata keçirilməsində böyük maneədir. Ümid edirəm ki, təkcə Dağlıq Qarabağ adı ilə tanınmış bu konfliktin yox, dünyada mövcud olan digər konfliktlərin həlli üçün də real informasiyanın yayılmasında, sülh danışıqlarının aparılmasında, konfliktlərin qurbanları olan sadə xalqların düzgün məlumatlandırılmasında İKT böyük rol oynaya bilər və biz bundan istifadə etməliyik.
Beləliklə, biz hesab edirik ki, İKT-nin qlobal inkişafı yoxsulluğun aradan qaldırılmasında, təbii fəlakətlərlə, epidemiyalarla, terrorizmlə mübarizədə, xalqlar arasında dostluq münasibətlərinin qurulmasında, insan hüquqlarının qorunmasında, ümumiyyətlə, ümumdünya firavanlığının yaradılmasında əsas vasitədir. Buna isə biz yalnız və yalnız bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı anlaşma və bir-birimizə hörmətlə nail ola bilərik.
Diqqətinizə görə sağ olun.