MEK AQMK ÜÇÜN SAYT YARATMIŞDIR
Bu günlərdə AZƏRBAYCAN QADINLARININ MİLLİ KONFEDERASİYASI 1-ci il dönümünü qeyd etməyə hazırlaşır. Bu mwnasibətlə Mərkəzi Elmi Kitabxananın texniki dəstəyi ilə AQMK üçün sayt hazırlanmışdır. Qurumun fəxri prezidenti, Heydər Əliyev fondunun rəhbəri, UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyeva, həmsədr millət vəkili Məlahət Həsənova, AMEA bölməsi İdarə heyətinin sədri isə fil.e.n. Aybəniz Əliyeva-Kəngərlidir
26.03.2006 [23:20]
“Səməd Vurğun - 100” adlı sərgi
24 mart 2006-cı il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi “Səməd Vurğun - 100” adlı sərgi açıldı. Sərgidə Azərbaycan ədəbiyyatının yaranma və yüksəlişində misilsiz xidmətləri olan, Azərbaycan şeirində poema janrının yaradıcısı, xalq şairi Səməd Vurğunun əsərlərindən ibarət və yaradıcılığından bəhs edən 120-yə yaxın kitab və jurnal nümayiş etdirildi. Sərgi əhatə etdiyi nəşrlərin əhəmiyyətinə və mövzu rəngarəngliyinə görə ziyarətçilərin diqqətinə səbəb olub.
26.03.2006 [21:13]
LƏNKƏRANDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Martın 25-də Lənkəran Dövlət Universitetində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsinin ikinci ildönümünə həsr olunmuş “Regionların sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya infrastrukturunun formalaşması və idarə edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Lənkəran Dövlət Universiteti və Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi tədbirdə bu qurumların əməkdaşları, Rusiya, İran və Türkiyədən gəlmiş qonaqlar, cənub bölgəsinin elm və təhsil müəssisələrində çalışan müəllimlər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə Lənkəran Dövlət Universitetində yaradılmış ixtisaslaşdırılmış tədris laboratoriyasının açılışı olmuş, ali təhsil ocağının videokonfrans zalından sürətli internetlə nazirliyin əməkdaşları ilə birbaşa videobağlantı nümayiş etdirilmişdir.
Konfransda Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov çıxış edərək iştirakçıları salamlamış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında informasiya texnologiyalarının əhəmiyyətindən danışmışdır.
Elmi-praktik konfransın ümumi iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Sosial-iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda məruzə etmişdir.
Müzakirələrdə Milli Elmlər Akademiyasının əməkdaşı Əminağa Sadıqov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Texniki Universitetinin rektoru Havər Məmmədov, Mendeleyev adına Moskva Dövlət Aviasiya Universitetinin kafedra müdiri Leonid Muravey, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev çıxış etmişlər.
Tədbirdə Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Elmi-praktik konfrans öz işini bölmə iclaslarında davam etdirmiş, burada 70-ə yaxın məruzə dinlənilmişdir.
26.03.2006 [17:10]
KİTABXANA RƏHBƏRLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında paytaxtın kütləvi kitabxanalarının rəhbərləri üçün seminar keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə keçirilən seminarda Mədəniyyət və Turizm Nazirliyinin 6 mart tarixli əmrinə əsasən, Bakı şəhərinin kütləvi kitabxanaları üçün metodik mərkəz funksiyasının M.F.Axundov adına kitabxanaya tapşırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Milli kitabxananın direktor müavini Mələkxanım Hacıyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Həsənağa Qurbanov, paytaxt kitabxanalarının rəhbərləri və aparıcı mütəxəssisləri metodik mərkəzin səmərəli fəaliyyəti üçün təkliflərini vermiş, keçirilən tədbirin onların işinə müsbət təsir göstərəcəyini vurğulamışlar
26.03.2006 [14:00]
“ŞƏRQ-QƏRB: SİVİLİZASİYALARIN DİALOQU” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (FSHTİ) “Şərq-Qərb: sivilizasiyaların dialoqu” elmi-nəzəri və ictimai-siyasi jurnalının növbəti nömrəsi çapdan çıxmışdır.
Jurnalda institutun direktoru, fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmovun “Zbiqnev Bjezinski ABŞ-ın Yaxın Şərq siyasəti haqqında”, Azərbaycan Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun “Qloballaşma və sülh mədəniyyəti” məqalələr və digər mövzularda yazılar dərc olunmuşdur.
26.03.2006 [12:30]
“TÜRKÜN YADDAŞ KİTABI”NIN TƏQDİMATI OLMUŞDUR
Bakı Dövlət Universitetində gənc tədqiqatçı Nərman Qocatürkün “Türkün yaddaş kitabı”nın təqdimatı olmuşdur.
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Nurlan” nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabın məziyyətlərindən danışmışlar.
Türk xalqlarının inkişaf yollarından, qəhrəmanlıq ənənələrindən, həmin ənənələrin bu gün də davam etdirilməsindən söhbət açılan nəşrdə ümummilli liderimiz, türk dünyasının böyük oğlu, qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz tarixi xidmətləri, xilaskarlıq rolu ilə bağlı məlumatlar verilmişdir.
Digər natiqlər də kitabın əhəmiyyətindən bəhs etmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevdir.
26.03.2006 [11:00]
“GƏNCLİK” NƏŞRİYYATININ YENİ KİTABLARI
“Cənclik” nəşriyyatında “Müasir Azərbaycan poeziyası” seriyasından Səməd Vurğunun, Nigar Rəfibəylinin, Zəlimxan Yaqubun, Çingiz Əlioğlunun “Seçilmiş əsərləri”, Mustafa Çəmənlinin “Mən olmayanda dostum ol!”, Fikrət Daşdəmirovun “Erməni terrorizmi: ikili standart” (Azərbaycan və rus dillərində), Dilbər Axundzadənin “Müşfiqli günlərim”, “Bakını görməmisənsə” (rus şairlərinin Bakı haqqında şeirləri, rus dilində) və s. kitablar çap edilmişdir.
18.03.2006 [10:00]
MƏRKƏZİ ELMİ KİTBXANADA "NOVRUZ BAYRAMI" QEYD OLUNMUŞDUR
Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərlinin təşəbbüsü ilə kitabxana işçiləri Novruz bayramını qeyd etmişlər. Tədbiri giriş sözü ilə açan Aybəniz xanım bütün kollektivi qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara yeni yeni müvəffəqiyyətlər arzulamışdır. Daha sonra Bahar qızın, Kosa və Keçəlin iştirakı ilə bayram tədbiri davam etmişdir. Tədbirin sonunda kitabxana əməkdaşlarına pul mükafatı verilib
17.03.2006 [13:00]
ASPİRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN ELMİ KONFRANSI BAŞA ÇATMIŞDIR
Aspirantların və gənc tədqiqatçıların Bakı Dövlət Universitetində keçirilən XI respublika elmi konfransı martın 16-da başa çatmışdır.
Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Tibb Universiteti, Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet və digər ali təhsil müəssisələrinin qatıldığı konfransda tibb, hüquq, tarix, iqtisadiyyat, avtomatika və informatika, coğrafiya və ekologiya, biologiya, fizika, riyaziyyat, kimya-texnologiya və s. elm sahələri üzrə 18 bölmədə, ümumilikdə, 300-dək məruzə və tezis dinlənilmişdir.
17.03.2006 [12:50]
HƏMYERLİMİZİN KİTABI RUMINİYADA TƏQDİM OLUNMUŞDUR
Buxarestdəki Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində həmyerlimiz, şair-yazıçı Elçin İsgəndərzadənin “İşıq qanadlı quş” və rumıniyalı professor, tanınmış türkoloq Nevzat Yusufun “Mavi Dunay simfoniyası” kitablarının təqdimat mərasimi keçirilmişdir.
“İşıq qanadlı quş” şeirlər toplusu Azərbaycanın Rumıniyadakı səfirliyinin və Rumıniya–Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə Buxarest Universitetinin professoru Nevzat Yusuf tərəfindən rumın dilinə tərcümə olunmuşdur. Nevzat Yusufun “Mavi Dunay simfoniyası” kitabını isə Azərbaycan dilinə Elçin İsgəndərzadə çevirmişdir.
Buxarest Universiteti professorlarının, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının, “Paul-Polidor” Fondu sədri və rəyasət heyəti üzvlərinin, burada yaşayan və təhsil alan azərbaycanlıların, KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə E.İsgəndərzadə yaradıcılığı və təqdim olunan kitabının yazılma prosesi barədə məlumat vermişdir. Cıxış edənlər kitabda Azərbaycanın əbədi və əzəli torpağı olan Dağlıq Qarabağa, doğma yurda sevgi, vətən həsrəti və qələbə ruhuna köklənmiş şeirlərin də yer aldığını diqqətə çarpdırmışlar.
16.03.2006 [13:47]
AZƏRBAYCAN ALIMI CƏNUBI KOREYANIN ALI TƏHSIL MÜƏSSISƏSINDƏ TƏDQIQAT IŞLƏRI APARACAQ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika Institutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov aprelin 1-dən mayın 31-dək Cənubi Koreyada olacaqdır.
Alim Koreya Universitetinin “Telekommunikasiya riyaziyyatı” elmi tədqiqat mərkəzində araşdırmalar aparacaqdır.
16.03.2006 [13:45]
AMEA-NIN HUMANITAR VƏ ICTIMAI ELMLƏR BÖLMƏSININ ICLASI KEÇIRILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar və ictimai elmlər bölməsinin iclası keçirilmişdir.
Bölmənin akademik–katibi, AMEA-nın müxbir üzvü Ağamusa Axundov son 3 il ərzində tarix elminə dair çoxlu kitabların nəşr edildiyini bildirmiş, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabının müzakirəsinin əhəmiyyətini nəzərə çarpdırmışdır.
AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova və digər alimlər də adı çəkilən nəşrlə bağlı fikir və mülahizələrini söyləmişlər.
Sonra müzakirələr aparılmışdır.
16.03.2006 [06:11]
MUSİQİYƏ DAİR YENİ DƏRS VƏSAİTİ
Azərbaycanın tanınmış musiqişünası və pedaqoqu, H.Əliyev adına Müasir Təhsil Kompleksi nəzdindəki 39 saylı musiqi məktəbinin direktoru Armanusa Tağıyeva-Babayeva musiqi haqqında ilk gündəlik – eksperimental xarakter daşıyan dərs vəsaiti hazırlayıb.
Azərbaycanın peşəkar musiqi mədəniyyətinin XX əsrin əvvəllərindən bu günədək inkişaf prosesi uşaqların qavraması üçün aydın dildə və müvafiq şəkillərin təsviri ilə verilib.
Kitabçada bu prosesin əsas mərhələləri xarakterizə olunub, Azərbaycanın musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin – Üzeyir Hacıbəyov, M.Maqomayev, Q.Pirimov, C.Qaryağdıoğlu, Ş.Məmmədova, Bülbül, Niyazi, Q.Qarayev, F.Əmirov, Ş.Ələkbərova, Q.Almaszadə, V.Adıgözəlov, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, P.Bülbüloğlu, F.Bədəlbəyli və digər bəstəkarların monoqrafiyaları verilib.
Dərs vəsaitində musiqi nəzəriyyəsi, musiqi janrları və terminologiyası, həmçinin, Azərbaycan muğamının növləri haqqında qısa məlumat öz əksini tapıb.
15.03.2006 [15:44]
MƏRKƏZLƏŞDİRİLMİŞ İDARƏETMƏ SİSTEMİ YARADILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda serverlər tərəfindən şəbəkə istifadəçilərinə göstərilən xidmətlərə nəzarət və mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Bundan əlavə, intellektual kütləvi informasiya xidməti sisteminin “Elektron kataloq”, “İstifadəçi” və “Ədəbiyyatın verilməsi” modulları işlənib hazırlanmış, respublikada və dünyada informasiya texnologiyaları üzrə keçirilən elmi konfrans, seminar və simpoziumlar haqqında məlumat bazası - “Konfranslar informasiya sistemi” istismara verilmişdir.
15.03.2006 [14:10]
“DƏLİ DAĞIN DƏLİLƏRİ HARDADI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Azərbayan Yazıçılar Birliyinin Natəvan klubunda el şairi, mərhum Sücaətin “Dəli dağın dəliləri hardadı” kitabının təqdimat mərasimi olmuşdur.
“Çinar-Çar” nəşriyyatında işıq üzü görən kitabın tərtibçisi və “Ön söz”ün müəllifi yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas “Yer üzündə bir Sücaət var” sərlövhəli yazısında xalq şairi Məmməd Arazla Sücaətin dostluğundan, yaradıcılığından, son görüşlərindən səmimi, şirin və kədərli bir dillə söz açır. Kitabda şairin öz şeirlərindən əlavə, ona ithaf edilmiş poetik nümunələr də yer almışdır.
Birliyin katibi Rəşad Məcid şairin yaradıcılığının bəzi məqamlarını vurğulamışdır.
Tənqidçilər Bəsti Əlibəyli, Əsəd Cahangir, rejissor Əbdül Mahmudov və başqaları Sücaəti el şairi kimi yüksək dəyərləndirərək şeirlərinin sənətkarlıq məziyyətlərindən, aşıq poeziyasının layiqli davamçılarından olmasından danışmışlar.
Sücaətin əmisi Həbib müəllim şairin xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçısı Yazıçılar Birliyinə və iştirakçılara minnətdarlığını bildirmişdir.
15.03.2006 [13:10]
FÜZULİNİN “ƏSƏRLƏRİ”NİN NÖVBƏTİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
“Klassik Azərbaycan ədəbiyyatı” seriyasından Məhəmməd Füzulinin altıcildlik “Əsərləri”nin üçüncü cildi “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmışdır. “Azərbaycan” nəşriyyatının 1996-ci il nəşri əsasında hazırlanmış kitabın tərtibçisi və “Füzulinin farsca “Divan”ı haqqında” ön sözün müəllifi akademik Həmid Araslıdır.
Dahi Azərbaycan şairinin bu cildə daxil edilən farsca “Divan”ındakı qəzəlləri Ə.Vahid, M.Seyidzadə, M.Mübariz, M.Sultanov, M.Şəbüstərli tərcümə etmişlər. Füzulinin azərbaycanca “Divan”ında olduğu kimi, farsca “Divan”ında da məhəbbət mövzusu ilə yanaşı, şairin həyatın acılıqlarına qarşı etirazları da diqqəti cəlb edir. Tərcüməçilər Füzuli şeirinin bədii xüsusiyyətlərini, qəzəllərin vəznini, hətta qafiyələrini belə qoruyub saxlamağa çalışmışlar.
25 min tirajla çap olunmuş kitab respublikamızın kitabxanalarına hədiyyə ediləcəkdir.
15.03.2006 [12:00]
“ŞİRVANNƏŞR”İN YENİ KİTABLARI
AzərTAc xəbər verir ki, “Şirvannəşr” nəşriyyatında mərhum xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin “Eşq sultanı” romanı, İbrahim Göyçaylının “Fikrimin sabahı”, Süsən Anarın “Gəlsəydin, səni görsəydim...”, Əli Həkim Qızılqulaqlıoğlunun “Ümidim sənədir” şeir topluları, Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması və s. kitablar çapdan çıxmışdır.
15.03.2006 [10:52]
ERMƏNİ TARİXÇİLƏRİNİN YALANLARINI İFŞA EDƏN KİTAB
Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim ön Asiya və ön Qafqaz türk tayfaları” kitabının ikinci cildi “Nurlan” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır.
Bu cilddə kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, daşüstü və arxeoloji yazılara, kilsə ədəbiyyatına, rus, erməni və gürcü arxeoloqlarının aşkarladıqları zəngin maddi-mədəniyyət nümunələrinə və s. dəlillərə tarix və tarixilik kontekstindən yanaşılır.
Müəllif Azərbaycan türklərinin ulu əcdadlarının ölməz abidəsi “Avesta”ya, qədim yunan tarixçisi və yazıçısı Ksenofontun, “Coğrafiya” əsərinin müəllifi, qədim yunan tarixçisi və coğrafiyaşünası Strabonun, digər qədim yunan və Roma yazıçılarının Qafqaza dair məlumatlarına, eləcə də tarixçi və arxeoloq, akademik Boris Piotrovskinin “Urartunun tarixi və mədəniyyəti” əsərinə, “Tarix-filologiya” jurnalının redaksiyasına 1971-ci ildə yazdığı məktuba, Lev Qumilyovun “Qədim türklər” kitabına və başqalarının Qafqaz Albaniyasının qədim tarixi, sərhədləri, burada məskunlaşmış tayfalar, dini görüşləri haqqında əsərlərinə, fikirlərinə əsaslanaraq, ermənilərin Cənubi Qafqaz regionuna gəlmə olduqlarını faktlarla sübut edir.
Müxtəlif dövrlərdə yaşamış erməni tarixçilərinin əsərlərindən bir-birini inkar edən çoxsaylı fikirlərin də verildiyi kitabda müəllif onların özlərini Qafqazın “qədim xalq”ı olduqlarını sübut etmək üçün əzəli Oğuz torpaqlarındakı qədim türk məskənlərinin, abidələrinin, məbədlərinin və s. milli sərvətlərimizin adlarını və mahiyyətlərini son yüzillikdə süni şəkildə dəyişdirmələri və onların guya “erməni tarixi”nə məzsusluğunu iddia etmələri ilə əlaqədar kifayət qədər faktı diqqətə çarpdırır. Sərsəm “Böyük Ermənistan” xülyası ilə yaşayan mənfur qonşularımızın məkrli planlarının qarşısını almaq üçün Azərbaycan xalqını daim sayıq olmağa çağırır.
15.03.2006 [08:37]
ŞƏRQ FƏLSƏFƏSİNƏ HƏSR OLUNMUŞDUR
“Əbilov, Zeynalov və oğulları” nəşriyyatında fəlsəfə elmləri doktoru, professor Ağayar Şükürovun “Şərq fəlsəfəsi və filosofları” kitabı çapdan çıxmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu elmi şurasının qərarı ilə nəşr edilmiş kitabda müsəlman Şərqinin azı 5 min illik tarixinin, fəlsəfəsinin və dünyagörüşünün ümumiləşdirilmiş təhlili verilmiş, XXI əsrin əvvəli də daxil olmaqla, Şərq filosoflarının həyatı, yaradıcılığı və fəlsəfi görüşləri nəzərdən keçirilmişdir.
Müəllim, aspirant və tələbələr, Şərq fəlsəfəsi ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Maqsud Cəlilov və fəlsəfə elmləri namizədi Abutalıb Məmmədovdur.