AMEA Mərkəzi Elmi Kitabxanası
40 000 elektron jurnalı özündə birləşdirən EBSCO məlumat bazasından 2 ilə yaxın bir müddət ərzində istifadə
edir. Kitabxananın bütün üzvləri bu xidmətdən bəhrələnə bilər.
Hələ 1991-ci ildə Los-Alamos Milli Kitabxanasının əməkdaşları (ABŞ) elektron məlumat bazaları yaradarkən Respublikamızda elektron nəşrlərin nə vaxtsa mövcud olacağı məlum səbəblər üzündən şübhə doğururdu. O dövrdən cəmi on üç il ötməsinə baxmayaraq, bu gün artıq sayılıb-seçilən kitabxanlarımız elmin informasiya təminatında yeni texnologiyalar tətbiq etməklə bərabər, daha da irəli gedərək oxuculara qeyri-ənənəvi informasiya və mütaliə formaları aşılayır, onların sorğularına müasir elektron vasitələrlə (e-kitab, e-jurnal, e-qəzet və s.) cavab vermək üçün daha qlobal və əhatəli məlumat mənbələrindən istifadə edir. AMEA Mərkəzi Elmi Kitabxanasında avtomatlaşdırma işlərinin başlandığı və davam etdiyi son üç il ərzində bir sıra elektron məlumat bazaları yaradılmışdır. Buna misal olaraq «Azərbaycan ədəbiyyatı», «Azərbaycan elmi», «Azərbaycan nefti» və s. məlumat bazalarını göstərmək olar. Lakin təcrübə bir daha sübut edir ki, dünya elm sferasına inteqrasiya etmədən, digər kitabxanalarla informasiya mübadiləsi aparmadan, daha geniş səpgili bilgi massivlərindən bəhrələnmədən müasir ziyalının tələblərini tam mənada təmin etmək müşkül məsələdir. Bugün Mərkəzi Elmi Kitabxana müxtəlif çeşidli problemlərlə qarşılaşmasına baxmayaraq elm və təhsilin informasiya dəstəyi ilə bağlı fəaliyyətini inkişaf etdirərək alim kontingentinin başlıca kitabxana-informasiya təminatçısı vəzifəsini qoruyub saxlayır. Məhz bu fəaliyyətin söylənilən şəkildə inkişafı alimlərin ən müasir və ən operativ surətdə informasiyaya və ilkin məlumat mənbələrinə yetişməsinə səbəb olur ki bu da açıq, demokratik cəmiyyətin ən vacib prinsipini – informasiyanın bərabər ümumistifadəsi tendensiyasını bərqərar edir. Hazırda dünya kitabxanalarında informasiyanın məlumat bazalarında axtarılması, CD-ROM-larda yerləşdirilmiş elektron kataloqların oxuculara təqdim edilməsi, eləcə də, İnternet vasitəsilə elektron sənədlərin mübadiləsi geniş informasiya spektrini təşkil edir. Məlumat bazaları pullu və pulsuz, CD-ROM-da və İnternet şəbəkəsində olmaqla dörd əsas kateqoriyaya bölünür. Mərkəzi Elmi Kitabxana xarici elmi informasiyanı bu üsulların hər birinə ayrı-ayrılıqda müraciət etməklə əldə edir. Dünya kitabxanalarında avtomatlaşdırılmış biblioqrafik-informasiya xidmətinin müsbət yekunlarını nəzərdən keçirərkən məlum olur ki bütün bu qənaətbəxş yeniliklər kitabxanaların birgə əməyi və informasiyadan müştərək şəkildə istifadəsi nəticəsində mümkün olmuşdur. Bu empirik məntiqə əsaslanaraq Mərkəzi Elmi Kitabxana bir neçə ay öncə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvlərindən birinə çevrilmişdir. Konsorsiumun məqsədi üzvlərin arasında biliyin və informasiya mənbələrini bərəbər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını daim çoxaldaraq daha geniş qurum yaratmaqdır.
Hazırda Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu dünya mədəniyyətinin inkişafında bilavasitə rol oynayan eİFL. net Beynəlxalq Kitabxana Konsorsiumunun tamhüquqlu üzvüdür. Adıçəkilən beynəlxalq təşkilat əməkdaşlıq etdiyi ölkələrdə kitabxana istifadəçilərinə gərəkən informasiyanın çatdırılmasında, oxucu və kitabxanaların dəstəklənməsində, hüquqlarının qorunmasında yaxından iştirak edir. Mərkəzi Elmi Kitabxana və respublikamızın bir neçə kitabxanası məhz bu təşkilatın kanalları vasitəsilə dünyada çox məşhur olan EBSCO məlumat bazasına çıxış əldə etmişdir. Bir çox dünya kitabxanaları bu tipdən olan məlumat mənbələrinə təklikdə, individual şəkildə yiyələndikləri halda ölkəmizdə bu vasitələrdən istifadə etmək və maliyyə məsələlərini yoluna qoymaq üçün kitabxanalar vahid mərkəzdə birləşməlidirlər. Mərkəzi Elmi Kitabxana Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü kimi EBSCO məlumat bazasının 10 ən dəyərli məlumat yarımbazalarından istifadə edir və ümumilikdə 7000 tam mətnli elektron yurnaldan bəhrələnir. Bu jurnallardan ən kütləvi və oxunaqlı səciyyə daşıyanları CD-ROM-larda təqdim edilir. Bütün başqa məlumatlar isə İntenet şəbəkəsi vasitəsilə əldə olunur. EBSCO ilə əməkdaşlığın perspektivlərindən danışarkən təkcə onu qeyd etmək kifayətdir ki , Mərkəzi Elmi Kitabxana Amerika Fizika Cəmiyyətinin , Bləkvel Nəşriyyatının, Kembric Universitetinin Nəşriyyatının, Hay Veyə Nəşriyyatının, Fizika Universitetinin Nəşriyyatının və Prokvestin tam mətnli elektron nəşrləri ilə təmin olunur. Yuxarıda göstərilən hər bir nəşriyyat öz nəşrləri ilə dünyanın bir çox ali təhsil müəssisələrini, kitabxana və informasiya mərkəzlərini və s. təmin edir. EBSCO bütün bunlarla bərabər təkcə ABŞ və Avropada deyil, kontingentin başqa yerlərində də nəşr olunan sənədlərin elektron variantlarını oxucularımıza təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20 dən artıq mövzunu özündə birləşdirmişdir. Buraya «Dil və dilçilik», «Ədəbiyyat və ədəbi tənqid», «Fəlsəfə», «Fizika», «Astronomiya, astrofizika», «İqtisadiyyat,biznes, menecment», «Kimya», «Tarix, arxeologiya», «Hüquq, kriminalogiya», «Psixologiya,psixiatriya», «Coğrafiya», «Geologiya», «Riyaziyyat», «Biologiya və biologiya elmləri», «Tibb» , «Kompüter və proqramlaşdırma texnologiyaları», «Kənd təsərrüfatı», «Ətraf mühit», «Sosiologiya, sosial elmlər», «Təhsil», «Politologiya ,siyasi elmlər» və s. mövzular daxildir. Bu qısa zaman ərzində Mərkəzi Elmi Kitabxana 50-dən artıq alim və aspirantın tədqiqat mövzusuna uyğun materialı onlara mükəmməl şəkildə təqdim edə bilmişdir. EBSCO nəşrlərindən istifadə etmək üçün alim və ziyalılardan xarici dil bilikləri tələb olunduğundan elektron nəşrlərdən məlum səbəblər üzündən bəhrələnə bilməyən oxucular üçün materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdən rus dilinə çevrilərək təqdim edilir. Hələlik bütün işlərlə yalnız kitabxana əməkdaşları məşğul olurlar. Ümidvarıq ki, gələcəkdə, oxucularmız müəyyən kompüter vərdişlərinə yiyələndikdən sonra EBSCO Host məlumat bazasından sərbəst şəkildə istifadə edə biləcəklər. Bugün Mərkəzi Elmi Kitabxananın qarşısına qoyduğu məqsəd oxucuları EBSCO-nun elektron nəşrlərindən yüz faizlik istifadə edə bilmək səviyəsinə çatdırmaq və onları dünyada daha qlobal miqyas almış informasiya bazaları bazaları ilə tanış etməkdir. EBSCO-nun elektron nəşrəlrini almazan əvvəl Amerika Birləşmiş Ştatlarından «İnformation USA» (1997-2000), Yaponiyadan «Geological maps of world», İngiltərədən «World Business» və «World economy» məlumat bazalarından istifadə etmiş Mərkzəi Elmi Kitabxana gələcəkdə oxucularına SCİ, Medline, Current Sontents, Chemical Abstracts, Biological Abstracts və b. informasiya mənbələrini təqdim etmək niyyətindədir. Bütün bunlar isə gənc prezidentimiz İlham Əliyevin inkişaf etdirməkdə olduğu ölkəmizin elm ilə də dünyada tanınmasına, Azərbaycan elminin dünya miqyasında daha da praktik qarşılanmasına bir daha təkan verəcəkdir.