Ünvanımız:
Bakı şəh., H.Cavid pr.31
Tel: 438-60-17
Kitabxana şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9-dan 17-dək işləyir.
Azərbaycan gəncliyi və İKT
Azərbaycanda İnfokommunikasiya texnologiyaları sahəsində bir-birinin ardınca uğurlar əldə edən gənclərimiz bütün bu nailiyyətlərinin böyük hissəsini rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasova və texnika elmləri doktoru Rasim Əliquliyevin başçılıq etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutuna borcludurlar.
İKT həmçinin böyük gəlir mənbəyidir. Bu gün informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biznes dünya iqtisadiyyatının ən dinamik və yüksək gəlirli sektorlarından biridir, informasiya-kommunikasiya texnologiyaları özü isə bütün sahələrdə birinciliyi təmin edən güclü vasitədir. Statistikaya görə, dünya ölkələrinin gəlirlərində neftin payı 3% təşkil etdiyi halda, İKT sahəsində əldə olunan gəlirlər 8% təşkil edir. Dünyanın bütün ölkələrində informasiya texnologiyalarına olan diqqət və bu sahəyə qoyulan sərmayə durmadan artır. Bu böyük gəlir mənbəyindən daha da çox faydalanmaq üçün milli strategiyalar hazırlanır və həyata keçirilir. Bu baxımdan Azərbaycan da istisna təşkil etmir. Son illər bu sahəyə Azərbaycan hökumətinin qayğı və diqqətinin artması, İKT üzrə Milli Strategiyanın yaradılması və təsdiq edilməsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması və bu nazirlik tərəfindən aparılan islahatlar bizim ölkəmizdə də İKT sahəsində görülən işlərin canlanmasına səbəb olmuşdur.
Ölkəmizdə İKT sahəsində böyük işlərin görülməsi, layihələrin həyata keçirilməsi, əlbəttə ki, kadr potensialından birbaşa asılıdır. İKT-nin sürətli inkişafı ilə ayaqlaşa bilən, konkret dar ixtisasa aid olan məsələləri həll edə biləcək çoxlu yüksək ixtisaslı kadrlara böyük ehtiyac vardır. Buna görə də İKT biznesinin infrastrukturunun formalaşdırılması məsələsi gənclərimizin professional təhsilinin modernizasiyası ilə sıx bağlıdır. Gənclər gələcəyin əmək resurslarıdur, İKT-nin inkişafında aparıcı rol oynayırlar və İKT-ni yaşlılara nisbətən daha tez qavrayır və istifadə edirlər. Məhz buna görə də onlara öyrənmək, yaratmaq, öz töhfələrini vermək və qərarların qəbulunda təcrübəli mütəxəssislərlə birgə iştirak etmək imkanı yaradılmalıdır. Gənclərimiz İKT-nin ən aktiv istifadəçiləri və əhalimizin böyük hissəsini təşkil etdikləri üçün informasiya cəmiyyətinin qurulması probleminin də həllində müvəffəqiyyətlə iştirak edə bilərlər. Dünya üzrə keçirilən informatika və riyaziyyat olimpiadalarında azərbaycanlı gənclərin, demək olar ki, hər il yüksək yerlər tutması bizim gənclərimizin bu sahədə yüksək potensialından xəbər verir. Bu potensialı, gənclərin İKT-yə böyük marağını nəzərə almaqla, bu marağın və potensialın gerçəkləşdirilməsi üçün effektiv imkanlar yaratmaqla ölkəmiz informasiya-kommunikasiya texnologiyaları sferasında ciddi irəliləyiş əldə edə bilər, ölkəmizə əlavə gəlir gətirilməsinə səbəb ola bilər.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirilir. Həyata keçirlimiş bir sıra əhəmiyyətli layihələr bunu bir daha təsdiq edir. Bu layihələrin əsas işçi qüvvəsinin gənclər olması çox sevindirici haldır. Azərbaycanda İnfokommunikasiya texnologiyaları sahəsində bir-birinin ardınca uğurlar əldə edən gənclərimiz bütün bu nailiyyətlərinin böyük hissəsini Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasova və texnika elmləri doktoru Rasim Əliquliyevin başçılıq etdiyi AMEA İnformasiya Texnologiyaları İnstitutuna borcludurlar. Təsadüfi deyildir ki, məhz İnformasiya Texnologiyaları İnstitutunun bilavasitə təşəbbüsü ilə ölkə gənclərinin İKT sferasına olan marağı artmış, bütün dissertant və aspirantlar gələcəkdə imtahan vermək məqsədilə institutun təmənnasız hazırlıq kurslarına cəlb olunmuşlar. Bu gün İnformasiya Texnologiyaları İnstitutu yüzlərlə gənc azərbaycanlının infokommunikasiya vərdişlərinə və biliklərinə yiyələnməsinə, informasiya cəmiyyətinin aparıcı mütəxəssislərinə çevrilməsinə layiqincə xidmət edir. Bir sözlə, bu gün Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin demək olar ki, bütün mütəxəssisləri bu və ya digər formada İnformasiya texnologiyaları İnstitutu ilə bağlıdır. Hazırda Azərbaycan gəncləri beynəlxalq standartlara cavab verən çoxaspektli layihələr üzərində iş aparır. Belə layihələrdən biri və akademik Ə.Abbasovun rəhbərliyi altında həyata keçirilən “Dilmanc” maşın tərcüməsi sistemidir. Layihənin yaradıcı qrupunun üzvlərinin xeyli hissəsini gənclər təşkil edir. Burada İngilis-Azərbaycan istiqaməti üzrə maşın tərcüməsinin yaradılması işlərinə rəhbərlik edən Rauf Fətullayevin, proqramçılar İlkin Əşrəflinin, Samir Şaqavatovun, Sevinc Məmmədovanın, filoloqlar Aytən Bəylərovanın, Barat Talıbovun, Rövşən Hüseynlinin, Fərhad Əhmədovun və digərlərinin adlarını xüsusi qeyd etmək istərdik.
Uşaq hüquqlarının internetdə təbliği və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi üçün bir çox işlər görmüş Faiq Ağayev, Azərbaycan Respublikası Vergilər Nazirliyində “Azərbaycan Vergilər İnformasiya Sistemi” layihəsinin işçi qrupunun üzvləri Ramin Bağırov və Anar Rüstəmov kimi yüksək potensiallı gənclərin işləri ölkəmizdə İKT-nin parlaq gələcəyindən bir daha xəbər verir.