Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




İntellektual investisiya

    Cəmiyyətdə insan fəaliyyətinin investisiya tələb edən sahələrini qruplaşdırmalı olsaq maddi və intellektual investisiyalardan formalaşan 2 sahənin mövcudluğunu aşkarlamış olacağıq. Lakin istənilən bütün hallarda birinci növ investisiya qoyuluşu ikinciyə nisbətən çoxluq təşkil edir. 5-6 il bundan öncə Hindistanda İKT sektorunun intellektual investisiya təminatı problemi ortaya çıxanda kimsə bu işin rentabelliyinə ciddi yanaşmırdı. Zaman keçdi və sübut olundu ki, İKT sahəsi cəmiyyətin maddi ilə yanaşı intellektual investisiya tələb edən və bunun nəticəsi olaraq iqtisadiyyatın inkişafına təkan verən bir hissəsidir. Adam Smitin təbirincə desək, bunu "bumeranq effekti" də adlandırmaq olar. Niyə məhz bumeranq effekti? Çünki, İKT sektorunun inkişafına ayrılan maliyyə, bu sahənin daha uzunömürlü olmasına yönəldilmiş bilik investisiyası yekunda dövlət büdcəsinin xeyrinə işləyir. Əslində mən bu təhlillə Amerika kəşf etmədim, sadəcə olaraq məsələnin daha aydın anlaşılması üçün dünya ölkələrində istifadə olunan təcrübəyə istinadən fikir söyləmək istədim. Nəzərə almaq lazımdır ki, bu baxış bucağı məqalənin adından da göründüyü kimi çox qısa zaman kəsiyini əhatə etdiyindən nisbətən kiçikdir. 2005-ci ilin noyabr ayında başda nazir, akademik Əli Abbasov olmaqla Azərbaycan və dünya İKT sektorunun nüfuzlu təmsilçilərinin, dövlət nümayəndələrinin qatılmış olduğu İnformasiya Cəmiyyəti üzrə Tunis sammiti dövlət başçısı İlham Əliyevin "nefti biliyə çevirmək", "qara qızıldan insan qızılı yaratmaq" kimi fikirlərini bəyan etdiyi eyniadlı sammitin Cenevrə mərhələsini tamamlamış oldu. Tunisdə olduğumuz bir həftə ərzində gördük və göstərdik, öyrəndik və öyrətdik, söylədik və eşitdik. Ən başlıcası isə bitirdik və başladıq…Tunis bizim üçün 2 ilin hesabat epostasiyası və yekunu, yeni istiqamətlərin və uğurların isə əldə olunma başlanğıcına çevrildi. Bu məqamda yenə də, maraqlı başlanğıcı və maraqlı həyat axarı olan Bill Qeyts və onun məşhur Microsoft şirkəti yadıma düşdü. Microsoft Bill Qeytsin universitet təhsilini yarımçıq qoyaraq, kompüter proqramlaşdırması işinə başlaması ilə ortaya çıxan nəhəng İKT istehsalçısıdır. Qurucusunu dünyanın ən zəngin adamına çevirən Microsoft-un uğur mahiyyəti heç kəsə sirr deyil. Bu şirkətin gücü heç də zəngin təbii ehtiyatlara və böyük maddi sərvətə əsaslanmır. Şirkətin "atlantları" yüksək səviyyədə təhsil görmüş proqramçılardır. Microsoft hər zaman məhz təhsilə, elmə, biliyə investisiya qoyur. İT sektoru yüksək intellektual investisiyaya ehtiyac duyduğu üçün daim inkişafa açıq intellektual məhsullar sektordur. Deməli, İKT-nin inkişafında təbii və maddi ehtiyatlardan daha çox bilik və texnologiyaya əsaslanan ehtiyatların bolluğu əhəmiyyətlidir. Yalnız bu yolla İKT-ni prioritet sahəyə çevirmək olar. Bu gün dövlət başçısının Azərbaycanda İKT sektorunu məhz bu istiqamətdə inkişaf etdirməsi artıq bir çox inkişaf etmiş dövlətlər tərəfindən uğurlu addım kimi qiymətləndirilir. Birmənalı şəkildə deyə bilərəm ki, İKT sahəsinə intellektual investisiya axını inanılmaz dərəcədə sürətlənib. Bir müddət əvvəl Microsoft-un qurucusu Bill Qeytsin İstanbula gəlişi və burada dünyadakı ən böyük informasiya və texnologiya mərkəzlərindən birinin qurulması qərarını verməsi, digər tərəfdən, Lissabonda Microsoft-un dəstəyi ilə keçirilən 9-cu "Avropa Hökumət və İnformasiya Texnologiyaları sahəsi üzrə Rəhbərləri Forumu-2006" toplantısında, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Bill Qeytslə görüşü və bu zaman Microsoft-un Cənubi Qafqazda ilk ofisinin Azərbaycanda açılması qərarının verilməsi, bunun ardınca qərarın icra olunması mənə heç də təsadüfi görünmədi. Zənnimcə, bizim ən böyük sərvətimiz yalnız neft və digər təbii ehtiyatlar deyil, eləcə də, yüksək intellektə malik olan gənclərimizdir, İKT-nin inkişafı üçün əlverişli coğrafi koordinatlara və münbit iqtisadi şəraitə malik olmamızdır. Microsoft-un Türkiyə və Azərbaycana intellektual investisiya qoyuluşu regionda sözügedən potensialın varlığına dəlalət edir. Bu kimi şirkətlərin Azərbaycanla işbirliyi (Microsoft-la əməkdaşlıqdan sonra tanınmış AMD şirkəti də Azərbaycanda öz nümayəndəliyini təsis etmişdir) öz növbəsində, ölkəmizin üzərinə müvafiq vəzifələr qoyur. Burada birinci və ən əsas vəzifə kadr potensialının lazımi vəziyyətə gətirilməsdir. Bildiyimiz kimi ölkədə hər il mövcud universitetlərə İT ixtisasları üzrə 550 nəfər tələbə daxil olur. Bir neçə gün öncə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetində (ABİTU) ixtisas hazırlığının konseptual əsasları, tədris-texniki platformasının yaradılması üzrə kompleks tədbirlər proqramının işlənib hazırlanması və icrasına dair İşçi konfransı keçirilməsi və əsas məqsəd kimi İnformasiya Texnologiyaları sahəsi üzrə bakalavr və magistr proqramlarına uyğun kadrların hazırlanmasını, respublikanın və xarici ölkələrin təhsil müəssisələrinin qabaqcıl təcrübəsini tətbiq etməklə peşə ixtisas hazırlığının əsas istiqamətlərinin müəyyənləşdirilməsini, texniki və texnoloji məzmunun effektiv tədris metodikası əsasında tədris proqramlarının hazırlanmasını önə çəkməsi bir daha sübut edir ki, yaxın gələcəkdə İT sahəsində çalışan mütəxəssislərin peşə-ixtisas səviyyəsi Avropa standartlarına cavab verəcəkdir. Digər bir vəzifə isə mövcud iqtisadi və intellektual potensialı düzgün istiqamətləndirməkdir. Məsələn, bu gün İsrailin İT sektorundan bir il ərzində əldə etdiyi gəlir 5 milyard ABŞ dolları, Hindistanınkı isə 15 milyarda yaxındır. Kanada və Sinqapur kimi dövlətlər isə e-dövlətin ən ideal variantını yaratmaqla hər il büdcə xərclərini 2 dəfə azalda bilirlər. Sözsüz ki, ölkəmizdə də, bu sahədə görülən işlərin sayı az deyil. Almaniyanın Hannover şəhərində təşkil edilmiş CeBIT-2006 konfrans-sərgisində başda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov olmaqla Azərbaycan nümayəndə heyətinin uğurları və sərgiləmiş olduğu yeni texnologiyalarla Avropanın marağına səbəb olması bir daha göstərdi ki, Azərbaycan dünyanın İKT sektorunda özünəməxsus yeri olan dövlətlər sırasındadır. Dinamik iqtisadi inkişaf meyillərinə görə artıq bir çox dövlətləri qabaqlamış ölkəmiz dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı məlum sərəncamından sonra inkişaf templərini bir qədər də sürətləndirmişdir. Martın 25-də Lənkəran Dövlət Universitetində "Regionların sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya infrastrukturunun yaradılması və idarə olunması" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilməsi regionlarda İKT-nin inkişaf etdirilməsi sahəsində RİTN-nin atmış olduğu vacib addımlardan biri oldu.

Cavid Cəfərov



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları