Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.




İKT sahəsində regional liderlik: qorunmalı faktor

   Vaxtilə Uinston Çörçil yaxşı bir ifadə işlədirdi: “Yalnız ağıllı insanların cəmiyyəti güclü dövlətin yaranmasını zəruri edə bilər”. Tamamilə doğrudur, çünki Çörçil 200 il əvvəl sənaye inqilabını ilk dəfə olaraq həyata keçirən və bütün dövrlərdə güclü iqtisadiyyatı ilə fərqlənən İngiltərənin baş naziri idi. Sənaye inqilabından söz açmışkən, tarixi bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Elm və texnikanın inkişafı ilə əlaqədər cəmiyyət üç əlamətdar hadisənin nəticəsində islahatlara uğrayıb. Bunlar əkinçilik inqilabı, sənaye inqilabı və informasiya texnologiyaları inqilabıdır. Adıçəkilən inqilablara müvafiq olaraq cəmiyyəti aqrar, sənaye və informasiya cəmiyyəti kimi üç əsas qrupa bölürlər. Aqrar cəmiyyətə keçidi, kotan və yel dəyirmanının kəşf edilməsi nəticəsində təsərrüfat əməyinin və əkinçiliyin mexanika ilə vəhdət təşkil etməsi səciyyələndirir. 1768-ci ildə Ceyms Uattın icad etdiyi buxar maşını, kömür, polad, montaj xətti və böyük zavodlar isə sənaye cəmiyyətini xarakterizə edir. İnformasiya cəmiyyətinə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalar isə kompüterlər, kommunikasiya texnologiyaları, mikro-elektronika, robotlar, bio və nanotexnologiya və fiber optiklərdir. Texno-ekonomik paradiqmanın Fordist-Taylorist istehsal sistemi, eləcə də formalaşmasında informasiya və kommunikasiya texnologiyalarının çox istifadə edildiyi istehsal sistemlərinin yaranması informasiya cəmiyyətinin xüsusiyyətlərini bariz şəkildə ehtiva edir. Sözügedən inqilablar meydana gələndə onlardan ilk olaraq bəhrələnən və ya çox keçmədən müəyyən nəticələr əldə edən ölkələr bir qayda olaraq öncüllər sırasına çıxıblar. Bəşəriyyətə məlum olan ilk texnologiyaların məskəni İngiltərə hesab olunsa da öz iqtisadi artım tempinə görə Almaniya, ABŞ, Fransa, İsrail, Hindistan və Yaponiya kimi ölkələr çoxdan İngiltərəni geridə qoyublar. Deməli, texnologiyalar “dünyaya gəldiyi” məkandan asılı olmayaraq inkişaf edir. 19-cu əsrin sonu və 20-ci əsrin başlanğıcında Fransa, Almaniya, İsveç və ABŞ kimya sektorunu inkişaf etdirərək və elektrikdən səmərəli istifadə etməklə iqtisadi inkişafı təmin edən yeni texnologiyalar yaratdılar. İkinci Dünya müharibəsindən sonra texnoloji inkişaf sürətləndi və 1920-ci illərdən istifadə edilən yarı avtomatik montaj xəttinə istinad edən Fordizm yerini avtomatlaşdırmaya verdi. Bunu həyata keçirən ölkələr yenə dünya iqtisadiyyatına başçılıq etməyə başladılar. Həmin ölkələr bunun məntiqi davamı kimi bu gün də İKT sahəsində dünyada liderdilər. Deməli, burada əhəmiyyət kəsb edən xüsusiyyət, dövrün mövcud müasir texnologiyalarını istifadə və istehsalını doğru şəkildə həyata keçirməkdir. Beləliklə, İKT sahəsində lider olmaq və iqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiya və kommunikasiya texnologiyaları və digər yeni texnologiyaların ilk mərhələdə istifadəçisi və daha sonra istehsalçısına çevrilmək həyati zərurətdir. Çünki yalnız belə olduğu halda cəmiyyətlər və ya ölkələr yüksək standartlar çərçivəsində münasibət qura bilirlər. Son bir neçə ilin statistikası göstərir ki, Azərbaycan İKT sahəsində regionda liderliyini möhkəm qoruyur. Amma bu liderliyi əldə etmək heç şübhəsiz ki, göydəndüşmə olmamışdır. Hələ bir neçə il bundan öncə Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə xarici rəsmilərlə bütün danışıqların leytmotivini “İKT sahəsi üzrə dünya standartlarına uyğun qanunvericiliyin formalaşması Azərbaycanı yaxın bir zamanda İKT üzrə regional liderə çevirə bilər” fikri təşkil edirdi. Zaman keçdi və bu mərhələ geridə qalmış oldu -"Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət", "Poçt rabitəsi haqqında" və "Telekommunikasiya haqqında" qanunlar, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edildi. Dövlət Proqramı və göstərilən qanunlarda rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılması, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin həyata keçirilməsi, xüsusiləşdirilmiş sərbəst iqtisadi zona-texnopark yaratmaq və s. nəzərdə tutulması gələcək perspektivlərin konturlarını müəyyənləşdirdi.Azərbaycanda İKT sahəsində əldə olunan uğurlar muvafiq olaraq cəmiyyətin xarakterinə də təsir etdi. Bizdən öncə bu mərhələləri keçən dövlətlərdə də belə olub. 1970-1980-ci illərdə ortadan qalxan Fordist-Taylorist sistem - kütləviliyi, enerji artımını, standartlaşdırmanı, sabit əmtəə istehsalını, avtomatlaşdırmanı, iyerarxiyanı, təmərküzləşməni, kiçik bir sahədə ixtisaslaşmanı və dövlət idarəsini, nəzarətini və planlamasını zəruri etmişdi. Onu əvəz edən Elastiki İstehsal Sistemi, Sadə İstehsal Sisitemi, Postfordizm və ya Toyotizm adlandırılan sistem isə yeni informasiya və kommunikasiya texnologiyaları anlayışına istinad edən informasiya artımını, adaptasiyanı, elastikliyi, üfüqi təşkilatlanmanı, informasiyanın sürətli yayılmasını, bir neçə sahədə ixtisaslaşmanı, dövlətin koordinasiya, dəstək və əməkdaşlığını təsbit etmiş oldu. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasını daha sürətləndirən və onun İKT sahəsində regionda liderliyini möhkəmləndirən amillərin sırasında insan faktorunu unutmaq olmaz. Dünya təcrübəsi göstərir ki, İKT sahəsində güc sahibi olmaq üçün yeni tipli insanların-yeni kadrların mövcudluğu və ya yetişdirilməsi olduqca vacibdir. İnformasiya cəmiyyətinin tələblərinə görə daha az təhsil görən və istər əqli, istərsə də fiziki az bacarığa sahib insanlara ehtiyac duyulmur. Bu tip cəmiyyət hərtərəfli, bacarıqlı, yüksək təhsilli, qərarlı və daha çox imkan tələb edən insanların hazırlanmasına şərait yaradır. Ortaya belə bir sual çıxır: İKT sahəsində liderlik qazanmaq bizə nə verəcək? Nəzərinizə çatdırım ki,bu sahədə liderlik sayəsində məhsuldarlıq artır, məsrəflər düşür və bu müsbət tendensiya əmək haqqlarının yüksəlməsində öz əksini tapır. Bu da öz növbəsində insanların hüquqi, siyasi və sosial haqqlarının möhkəmlənməsi ilə nəticələnir. Bəzi mütəxəssislərin fikrincə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafına mane olan müəyyən problemlər də mövcuddur. Bu fikirlərin məğzi isə ondan ibarətdir ki, rabitə və informasiya texnologiyaları sahəsi üzrə elmlə istehsalat arasında maneələrin mövcudluğu və digər amillər İKT sektorunda innovasiya yönümlü sahibkarlığın və investisiya qoyuluşlarının inkişafına mənfi təsir göstərir. Bu fikirdə sözsüz ki, həqiqətlər var. Lakin unutmaq olmaz ki, inkişaf rəqabətin məhsuludur. Və hər bir mərhələ müəyyən zaman tələb edir. Bu gün İKT sektorunda regional liderliyi ölkəyə idxal olunan və ixrac edilən müəyyən məhsulların çoxluğu deyil, milli innovasiya sistemi müəyyənləşdirir. Yəni İKT sektorunda uğurların əldə olunması üçün əsas bazanı universitetlər, müəssisələr, tədqiqat mərkəzləri, texnoloji infrastruktur və digər elmi və texnoloji mərkəzlər təşkil edir. Lakin bu qurumların sadəcə varlığı kifayət eləmir, qurumlar arasındakı effektli əlaqələr və müştərək öyrənmə şəraitinin yaradılması da öz növbəsində zəruridir. İnkişaf etməkdə olan ölkələr arasında xüsusilə, Braziliya və Cənubi Koreya və Finlandiyanın təcrübələri nəzərə alınarsa, söylədiklərimiz daha yaxşı başa düşülə bilər. Məsələn, Braziliya elmi və texnoloji infrastrukturun inkişafına böyük ehtiyatlar ayırmaqla yanaşı telekommunikasiya infrastrukturunun inkişafı üçün də böyük investisiyaları həyata keçirmişdir. Lakin zaman-zaman. Belə ölkələr təcrübəni uzun illərin nəticəsində toplamış və qoruyub saxlamışlar. Bu gün Azərbaycan İKT sahəsində regionda şübhəsiz liderdir və birmənalı olaraq bu liderliyini qorumağa çalışacaq. Bunun üçün isə yuxarıda vurğuladığımız kimi, ixtisaslı kadr arsenalını daim təkmilləşdirmək, müvafiq qanunvericiliyə paralel olaraq fəaliyyəti daha da genişləndirmək və ən başlıcası innovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun iqtisadi bazasını durmadan yüksəltməlidir. Çünki bu məsələ ilə bilavasitə və bilavasitə əlaqəli olan digər proseslərin həlli və Azərbaycanın iqtisadiyyatı məntiqli olaraq günümüzün yeni texnologiyalarının mənimsənməsi ilə bağlıdır.

Cavid Cəfərov



Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları