Аzərbaycan Milli Elmlər Akademiyası
  


  Ünvanımız:
  Bakı şəh., H.Cavid pr.31
  Tel: 438-60-17
  Kitabxana şənbə və bazar günləri istisna
  olmaqla hər gün saat 9-dan 17-dək işləyir.






Calal Əliyev
31.03.2006 [9:26]
Akademik Cəlal Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır" kitabı Moskvada çap olunmuşdur
Akademik Cəlal Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır" kitabı Moskvada çap olunmuşdur. AzərTAc xəbər verir ki, dünya şöhrətli seleksiyaçı alim, Milli Məclisin deputatı, əməkdar elm xadimi, akademik Cəlal Əliyevin «Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır (tarixi replika)» kitabı Moskvada rus dilində çap olunmuşdur. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş əzəli torpaqları - Dağlıq Qarabağa həsr edilmiş bu nəfis tərtibatlı kitabın naşiri rusiyalı yazıçı, şərqşünas, türkoloq, Azərbaycanşünas və tarixçi alim İqor Peçenevdir. Akademik Cəlal Əliyev Dağlıq Qarabağ haqqında yazdığı bu növbəti kitabında tarixə, o cümlədən Osmanlı imperiyasının zəiflədiyi XIX əsrin ortalarına ekskurs edərək oxucunun diqqətinə çatdırır ki, həmin dövrə qədər milli separatizm ideologiyası Osmanlı təfəkkürü üçün yad idi. Zorakılıq və təxribatlardan XIX əsrin son rübündə Şərqi Anadoluda, sonra isə Zaqafqaziyada qnçaklar və daşnaklar istifadə etməyə başladılar. Ümumiyyətlə, görkəmli alimin əsəri tarixi faktlarla, tarixçi alimlərdən, xronikaçılardan gətirilən misallarla çox zəngindir. O, bu faktları və misalları oxucuya ustalıqla təqdim edir. Azərbaycan elminin ağsaqqalı Qafqazda, türk torpaqlarında öz dövlətlərini yaratmaq arzusunda olan erməni yaraqlı-siyasətçilərinin, daşnakların hiyləgər, ölçülüb-biçilmiş siyasətlərini ifşa edir, tarixən onlara havadarlıq edənlərin ikiüzlülüyünü lənətləyir. Müəllif tarixi hadisələrin məntiqi təhlili vasitəsilə XIX və XX əsrlərdə, sonralar Şərqi Anadoluda və Zaqafqaziyada erməni millətçi ekstremistlərinin əməllərini, əzəli Azərbaycan torpaqlarının - İrəvan xanlığının, Zəngəzurun, Göyçə gölü bölgəsinin, nəhayət, Dağlıq Qarabağın qəsb olunmasını şərtləndirən amilləri açır, İran və Türkiyə ermənilərinin Azərbaycana köçürülməsini xatırladır. Bütün bu hadisələrdə xristian Avropasının, o cümlədən İngiltərə, Avstriya və Rusiyanın, ABŞ-ın ermənilərə maddi və mənəvi yardımını yada salır, bunun səbəbini anladır. Kitabda Amerika tarixçilərinin - Vilyam Langerin «İmperializmin diplomatiyası: 1890-1902», C.Makkarti və K.Makkartinin «Türklər və ermənilər», rus tarixçisi V.Veliçkonun «Qafqaz», rus məmuru S.Qlinkanın «Azərbaycan ermənilərinin Rusiya ərazisinə köçürülməsinin təsviri» kitablarından, digər sənədli əsərlərdən misallar gətirilir. Həmin əsərlərin içərisində Dağlıq Qarabağın əsrlər boyu Azərbaycan xalqına məxsus olmasını təsdiq edən nəşrlərə xüsusi diqqət yetirilir. Bu mənada coğrafiyaçı alim, Qafqazşünas M.Skibitskinin 1899-cu ildə Tiflisdə nəşr edilmiş kitabından gətirilən sitatlar böyük maraq doğurur. Lakin elə buradaca müəllif hiddətini boğa bilmir: «Moskva, Leninqrad, Tbilisi və əlbəttə, Yerevanın kitabxanalarından Skibitskinin qiymətli xəritəsi yoxa çıxıb»... Müəllif ermənilərin soyqırımına məruz qalması haqqında uydurmaya da münasibətini bildirir: «Ermənilərin Türkiyədəki genosid barədə tarixi qışqır-bağır, Avropa meşşanları və digər sadəlövh xristian xalqları arasında münbit şərait tapan ağ yalan püskürən erməni ekstremistləri ələ keçirilmiş Azərbaycan-türk bölgələri İrəvanı, Göyçəni, Zəngəzuru, Dağlıq Qarabağı əldə saxlamaq məqsədi güdür. Ermənilərin uydurduğu «genosid» onların özlərinə lazımdır. İşğalçılara istənilən arqument zəruridir. Genosid barədə yalan uydurmaq Dağlıq Qarabağ qəsbkarlarının xilasıdır». Akademik haqlı qəzəblə yazır: «Sovet quruluşunun sürətlə dağıldığı illərdə Azərbaycan xalqının problemləri dünyaya gərək deyildi. Rusiyanın informasiya blokadası öz iyrənc əməlini davam etdirib və etdirməkdədir». Kitabda 1988-ci ildən bəri dinc əhaliyə, sərnişinlərə qarşı törədilmiş erməni terror aktları haqqında da danışılır, Xocalı faciəsinin şahidinə söz verilir. Akademik Cəlal Əliyev maraqla oxunan əsərini ermənilərin «Böyük Ermənistan» xülyasına münasibət bildirməklə bitirir. O qeyd edir ki, bu, «ağılsız, qeyri-real, dinclik tapmayan Qafqazda sülh üçün təhlükəli ideyadır». Kitabın redaktoru publisist Reyhan Mirzəzadədir.


Səhifə hər gün yenilənir...

Elekton resurslar
Dissertasiyalar və avtoreferatlar
Şəxsi biblioqrafik göstəricilər
Neft ədəbiyyatı
İllik. Informasiya bülletenləri
Veblioqrafiyalar
Diplomlar
Elmi əsərlər
Proqramlar, xasiyyətnamələr, əsasnamələr
Nizamnamə, hesabatlar
Mətbuatda məqalələr
Bütün elmlər üzrə ədəbiyyat
EBSCO-40.000 elektron elmi jurnal
INTAS-7.000 elektron kitab
Əməkdaşların əsərləri, məqalələri, çıxışları
İnformasiya cəmiyyəti (Cenevrə-Tunis), İKT bilikləri, avtomatlaşdırma, elektron Azərbaycan

Əlavə olaraq
"Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"
"Azərbaycan -Fransa elmi -mədəni əlaqələr zalı"
"Azərbaycan -Iran elmi -mədəni əlaqələr zalı"
Kitabxanaçıların tədris mərkəzi
"Azərbaycanda neft ədəbiyyatı" layihəsi
Aspiranturaya qəbul qaydaları